
ABŞ-ın kəşfiyyat qurumlarının istifadə etdiyi kompüter şəbəkələrindən birində kibertəhlükəsizlik pozuntusu aşkarlanıb. Hadisə nəticəsində məxfilik dərəcəsi olmayan bəzi məlumatların sızdığı bildirilir.
Qaynarinfo xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.
Nəşrin mənbələrinə görə, kiberinsidenti ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və Milli Kəşfiyyat Direktorunun Ofisi müəyyən edib. Hücuma məruz qalan şəbəkə açıq mənbəli kəşfiyyat məlumatlarının toplanması və təhlili üçün istifadə olunur.
Həmin sistemdə analitiklər sosial şəbəkə paylaşımlarını, peyk görüntülərini və kommersiya yolu ilə əldə edilə bilən digər məlumatları araşdırırlar. Müxtəlif mənbələrdən toplanan informasiyalar birləşdirilərək qiymətləndirilir.
Məxfi sənədlərin sızmadığı bildirilir
“The New York Times”ın mənbələri sızdırılan məlumatların konkret məzmununu açıqlamayıb. Bununla belə, onların sözlərinə görə, hadisə nəticəsində məxfilik dərəcəsi olan məlumatların təhlükəyə məruz qaldığı müəyyən edilməyib.
Mənbələr kiberinsidentin təsirlərinin yalnız CIA və Milli Kəşfiyyat Direktorunun Ofisi ilə məhdudlaşmaya biləcəyini də istisna etməyiblər. ABŞ-ın digər kəşfiyyat qurumlarının sistemlərinin də hadisədən təsirlənmiş ola biləcəyi bildirilir.
Qeyd edək ki, bu məlumat ABŞ-ın bir sıra iri banklarının, Milli Təhlükəsizlik Agentliyinin (NSA) və Federal Aviasiya Administrasiyasının sistemlərində yaranan fasilələrdən sonra yayılıb.
Aydın