
Fransanın sabiq prezidenti Nikola Sarkozi cinayətkar sövdələşmədə iştirak ittihamı ilə 2027-ci ilin sonunda yenidən məhkəmə qarşısına çıxacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə RTL radiostansiyası mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, məhkəməyə fransız-livan əsilli iş adamı Ziyad Takieddinin 2007-ci il prezident seçkiləri kampaniyasının Liviyadan maliyyələşdirilməsi ilə bağlı əvvəlki ifadələrindən imtina etməsi işi göndərilib.
İstintaqın versiyasına əsasən, iş adamı 2020-ci ilin payızında maddi mükafat müqabilində iki müsahibə verərək əvvəllər səsləndirdiyi ittihamlardan geri çəkilib. Bu addımın məqsədinin Sarkozini məsuliyyətdən xilas etmək olduğu ehtimal edilir.
İş üzrə sabiq prezidentin həyat yoldaşı Karla Bruni də təqsirləndirilən şəxs qismində keçir. Prokurorluğun iddiasına görə, o, əməliyyatdan xəbərdar olub və Takieddinin ittihamlardan imtinasını rəsmiləşdirməli olan məhkəmə icraçısının xidmətlərinin maliyyələşdirilməsində iştirak edib.
Qeyd edək ki, 2025-ci il sentyabrın 25-də Fransa məhkəməsi Sarkozini 2007-ci il seçki kampaniyasının Liviya hakimiyyəti tərəfindən qanunsuz maliyyələşdirilməsi işi üzrə cinayətkar sövdələşmədə təqsirli bilib və onu beş il müddətinə azadlıqdan məhrum edib.
Oktyabrın 21-də sabiq prezident Parisdəki Sante həbsxanasına yerləşdirilib. Lakin noyabr ayında məhkəmə qərarı ilə həbsdən azad edilərək məhkəmə nəzarəti altında qalması şərti ilə sərbəst buraxılıb.
Aydın