
Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonunda dişi aslanın göründüyü barədə məlumat böyük narahatlığa səbəb olub. Təhlükəli heyvanın tapılması və zərərsizləşdirilməsi deyil, sağ şəkildə ələ keçirilməsi üçün genişmiqyaslı əməliyyat başladılıb. Əraziyə çoxsaylı təhlükəsizlik qüvvələri cəlb edilib, sakinlərə isə evlərini tərk etməmək barədə xəbərdarlıq olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" nəşri və digər yerli media orqanları məlumat yayıb.
Hadisə Sarıyer rayonunun Uskumruköy məhəlləsində baş verib. Noyabrın 22-də axşam saatlarında bir nəfər 112 Təcili Çağrı Mərkəzinə zəng edərək ərazidə aslan gördüyünü bildirib. Müraciətdən sonra Rayon Jandarma Komandanlığının əməkdaşları hadisə yerinə göndərilib.
Məlumatın Təbiəti Qoruma və Milli Parklar İdarəsinə, eləcə də Sarıyer bələdiyyəsinin müvafiq qurumlarına çatdırılmasından sonra axtarışlara başlanılıb. Əməkdaşlar ətrafdakı təhlükəsizlik kameralarının görüntülərini araşdırıblar. Nəticədə kameralara dişi aslan olduğu ehtimal edilən heyvanın görüntülərinin düşdüyü müəyyənləşdirilib.
Bu məlumatdan sonra ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. Jandarma əməkdaşları meşəlik sahənin və yaxınlıqdakı yaşayış evlərinin ətrafında nəzarəti ələ alıblar. Bəzi ərazilərə giriş-çıxış məhdudlaşdırılıb, hərəkət isə nəzarət altında saxlanılıb.
Axtarışlara termal kameralı dronlar cəlb edildi
Noyabrın 23-də səhər saatlarından etibarən axtarış əməliyyatı daha da genişləndirilib. Aslanın olduğu ehtimal edilən meşəlik ərazi və yaxınlıqdakı villaların ətrafında geniş təhlükəsizlik zonası yaradılıb.
Əməliyyat zamanı termal kameralı dronlardan istifadə olunub. Axtarışların gedişi havadan da lentə alınıb. Yayılan görüntülərdə xüsusi xidmət əməkdaşlarının meşəlik ərazidə apardığı yoxlamalar və təhlükəsizlik tədbirləri əks olunub.
Anadolu Agentliyinin məlumatına görə, ilkin mərhələdə təxminən 5 hektarlıq meşə sahəsi termal dronlarla yoxlanılıb. Lakin ilk axtarış zamanı istilik mənbəyi aşkar edilməyib. Bundan sonra əraziyə əlavə termal görüntüləmə avadanlıqları göndərilib və axtarışlar daha geniş sahədə davam etdirilib.
İstanbul Valiliyi də məsələ ilə bağlı açıqlama yayıb. Qurum bildirib ki, noyabrın 22-də saat 18:00 radələrində Uskumruköy məhəlləsində aslana bənzər heyvanın görüntüləri təhlükəsizlik kameralarına düşüb. Hadisədən dərhal sonra ərazidə müvafiq tədbirlər görülüb və sakinlərə xəbərdarlıq edilib.
Valiliyin məlumatına görə, heyvanın olduğu ərazi müəyyənləşdirilib. Onun sağ şəkildə tutulması üçün Milli Parklar İdarəsinin koordinasiyası ilə jandarma, polis və Sarıyer bələdiyyəsinin əməkdaşları fəaliyyətlərini davam etdirirlər.
Bələdiyyə sədrindən sakinlərə çağırış
Sarıyer bələdiyyəsinin sədri Mustafa Oktay Aksu jurnalistlərə açıqlamasında sakinləri ehtiyatlı olmağa çağırıb. O, insanların təhlükəsizliyinin təmin edilməsi və əməliyyatın normal aparılması üçün yerli əhalidən evlərini tərk etməmələrini xahiş edib.
Aksu bildirib ki, heyvanın haradan gəldiyi hələlik məlum deyil. Onun əvvəllər hansısa şəxs tərəfindən saxlanılması ehtimalı da araşdırılır. Bununla belə, aslanın konkret kimə məxsus olması barədə təsdiqlənmiş məlumat yoxdur.
Uskumruköy məhəlləsinin muxtarı Şeyda Üst də axtarışlarla bağlı açıqlama verib. O, təxminən 22 ildir həmin ərazidə yaşadığını, lakin indiyədək belə hadisə ilə qarşılaşmadığını bildirib. Muxtarın sözlərinə görə, aslanın yeri istiliyə həssas dronlar vasitəsilə müəyyənləşdirilib və sakinlərə lazımi xəbərdarlıqlar çatdırılıb.
Aslanın kimə məxsus olduğu araşdırılır
Hadisə ilə bağlı əsas suallardan biri heyvanın İstanbulun yaşayış məntəqəsinə necə gəlib çıxmasıdır. İlkin ehtimallara görə, aslan əvvəllər hansısa şəxsin nəzarətində saxlanılmış və sonradan ərazidən qaçmış ola bilər. Lakin bu versiya hələ rəsmi şəkildə təsdiqlənməyib.
Türkiyə mətbuatında yayılan məlumatlarda heyvanın şəxsi mülkiyyətdə saxlanılması ehtimalı da gündəmə gətirilib. Bununla belə, onun sahibinin kimliyi və hansı şəraitdə qaçdığı müəyyən edilməyib.
Digər tərəfdən, İstanbul Respublika Baş Prokurorluğunun hadisə ilə bağlı öz təşəbbüsü ilə araşdırmaya başladığı bildirilir.
Aydın