Xəbər lenti

TRIPP: Bakı öz işini görür, növbə İrəvandadır - Vaşinqton razılaşmasından regional reallığa
Siyasət16:14 23.11.2026

TRIPP: Bakı öz işini görür, növbə İrəvandadır - Vaşinqton razılaşmasından regional reallığa

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə əldə olunan razılaşmalar regionda yeni siyasi mərhələnin əsasını qoydu.

Donald Trampın vasitəçiliyi ilə keçirilən görüşdə İlham Əliyev və Nikol Paşinyan sülh sazişinin mətnini parafladılar, eyni zamanda regionda nəqliyyat-kommunikasiya əlaqələrinin açılması ilə bağlı siyasi öhdəlik götürdülər. Həmin razılaşmaların mühüm istiqamətlərindən biri sonradan TRIPP - “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlandırılan layihədir.

TRIPP-ə yalnız Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsinin bərpası kimi yanaşmaq onun miqyasını kiçiltmək olardı. Söhbət Cənubi Qafqazın tranzit xəritəsinin yenidən formalaşmasından, Xəzər hövzəsini Avropa ilə birləşdirən Orta Dəhlizin əlavə imkanlar qazanmasından gedir. Bu marşrut Azərbaycan üçün Naxçıvana birbaşa quru bağlantısı, Ermənistan üçün regional nəqliyyat şəbəkələrinə çıxış, ABŞ üçün isə Avrasiya məkanında iqtisadi və strateji mövcudluğunu genişləndirmək imkanı yaradır.

Vaşinqtonun marağı da təsadüfi deyil. ABŞ layihə vasitəsilə yalnız iki ölkə arasında nəqliyyat əlaqəsinin qurulmasına dəstək vermir. O, Mərkəzi Asiya, Xəzər hövzəsi və Avropa arasında alternativ logistika imkanlarının inkişafında iştirak etmək, regional iqtisadi proseslərdə daha fəal mövqe qazanmaq istəyir. Bu, böyük güclərin rəqabət apardığı bir coğrafiyada Vaşinqtonun uzunmüddətli maraqlarına uyğundur.

Ancaq layihənin əsas siyasi həssaslığı onun Ermənistan ərazisindən keçməsidir. İrəvan üçün suverenlik və ərazi bütövlüyü məsələsi daxili siyasi müzakirələrin mühüm mövzusudur. Buna görə də TRIPP-in Ermənistan ərazisində fəaliyyətinin Ermənistan qanunvericiliyi və yurisdiksiyası çərçivəsində həyata keçirilməsi razılaşmanın əsas prinsiplərindən biri kimi təsbit olunub. Digər tərəfdən, Azərbaycan üçün də əsas məsələ Naxçıvanla maneəsiz və etibarlı bağlantının təmin edilməsidir. Deməli, layihənin uğuru tərəflərin bu iki prinsip arasında işlək mexanizm yaratmasından asılı olacaq.

2026-cı ilin yanvarında ABŞ və Ermənistan TRIPP-in icra çərçivəsini açıqladı. May ayında isə iki ölkə arasında strateji əməkdaşlıq üzrə çərçivə sazişi imzalandı. Sənəddə layihənin inkişafı üçün ABŞ-ın 74, Ermənistanın 26 faiz paya malik olacağı birgə şirkətin yaradılması nəzərdə tutulur. İlkin müddət 49 il müəyyən edilib. Bu müddətin qarşılıqlı razılıqla uzadılması halında Ermənistanın payının 49 faizə çatdırılması da sənəddə əksini tapıb. Bununla belə, şirkətin yaradılması, idarəetmə mexanizmləri və infrastrukturun konkret icra şərtləri ayrıca hüquqi və texniki sənədləşmə tələb edir.

Noyabr ayında isə proses yeni mərhələyə keçib. ABŞ, Azərbaycan və Ermənistan nəqliyyat və elektrik enerjisi sahələrində üçtərəfli texniki planlaşdırma qruplarının yaradıldığını elan ediblər. Ermənistan parlamenti də layihənin icrası üçün hüquqi bazanı formalaşdıran qanunvericilik dəyişikliklərini qəbul edib. Bu addımlar TRIPP-in siyasi bəyanat səviyyəsindən praktiki hazırlıq mərhələsinə keçdiyini göstərir. Amma hazırlıqla tikinti, tikinti ilə isə marşrutun real istismarı arasında hələ müəyyən məsafə var.

Azərbaycan isə öz ərazisində üzərinə düşən işləri görür. Horadiz-Ağbənd dəmir yolu və avtomobil yolu layihələri, eləcə də Naxçıvanın dəmir yolu infrastrukturunun yenilənməsi bu strategiyanın tərkib hissəsidir. Bakı marşrutun Ermənistan ərazisindən keçəcək hissəsinin tikintisini gözləməklə kifayətlənmir, öz tərəfində infrastrukturun hazır vəziyyətə gətirilməsi istiqamətində iş aparır. Bu yanaşma həm iqtisadi, həm də siyasi baxımdan məntiqlidir. Bağlantının bir hissəsi hazır, digər hissəsi qeyri-müəyyən qaldıqda bütöv marşrut fəaliyyətə başlaya bilməz. Burada Azərbaycanın mövqeyini tələskənlikdən daha çox ardıcıllıq və nəticə gözləntisi kimi qiymətləndirmək olar. Bakı üçün əsas məsələ layihənin adının, siyasi təqdimatının və ya ona verilən beynəlxalq dəstəyin özü deyil. Əsas məsələ Naxçıvanla maneəsiz əlaqənin real təmin olunması, daşımaların təhlükəsizliyi, prosedurların aydınlığı və əldə edilmiş razılaşmaların praktik icrasıdır. Bu baxımdan ABŞ-ın prosesdə iştirakı da mühüm əhəmiyyət daşıyır: Vaşinqtonun siyasi zəmanəti və iqtisadi iştirakı tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə əlavə stimul yarada bilər.

Bununla belə, TRIPP-in qarşısında yalnız texniki məsələlər dayanmır. Ermənistanın daxili siyasi mühiti, regional güclərin maraqları, sərhəd və gömrük prosedurları, eləcə də Azərbaycan-Ermənistan münasibətlərində hələ tam həllini tapmamış məsələlər layihənin gələcəyinə təsir göstərə bilər. Nəqliyyat xətti çəkmək mümkündür, lakin onun uzunmüddətli və təhlükəsiz fəaliyyətini təmin etmək üçün siyasi etimad və qarşılıqlı öhdəliklər də lazımdır.

TRIPP-i nə regionda bütün problemləri həll edəcək möcüzə, nə də tərəflərdən birinin geosiyasi qələbəsi kimi təqdim etmək doğru olardı. Bu, maraqların kəsişdiyi, hər bir iştirakçının öz hesabını apardığı mürəkkəb layihədir. Azərbaycan öz hissəsində işləri davam etdirir və razılaşmaların digər tərəfdə də konkret nəticəyə çevrilməsini gözləyir.

Vaşinqtonda imzalanan sənədlərin əsl siyasi dəyəri onların kağız üzərində qalmasında deyil, regionda yeni reallıq yaratmasındadır. Bakı üçün əsas sual artıq marşrutun adının nə olmasından daha çox, onun nə vaxt və hansı şərtlərlə işləyəcəyidir. Çünki diplomatiya siyasi iradəni ifadə edir, nəqliyyat isə həmin iradənin real nəticəsini göstərir...

Siyasət şöbəsi