Xəbər lenti

Elektron siqaretlər ağciyər və ürəyə ciddi zərər vurur – Uşaqlar da təhlükə altındadır
Sağlamlıq15:15 23.11.2026

Elektron siqaretlər ağciyər və ürəyə ciddi zərər vurur – Uşaqlar da təhlükə altındadır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son illərdə istifadəsi geniş yayılan elektron siqaretlər və birdəfəlik elektron siqaretlər ciddi sağlamlıq riskləri ilə gündəmə gəlir. Zərərsiz məhsul təsəvvürü yaradan bu vasitələr ağciyərlərin ağır zədələnməsinə, tənəffüs çatışmazlığına, damar funksiyalarının pozulmasına, qan təzyiqinin yüksəlməsinə və ürəyin iş yükünün artmasına səbəb ola bilər.

Qaynarinfo Hürriyet-ə istinadən xəbər verir ki, xüsusilə aromalı tərkibləri və rəngarəng dizaynları ilə uşaqların və yeniyetmələrin diqqətini çəkən elektron siqaretlər bəzən adi siqaretdən daha az zərərli olduğu, hətta siqareti tərgitməyə kömək etdiyi düşüncəsi ilə istifadə olunur. Lakin bu yanlış təsəvvürlər sağlamlıq risklərini daha da artırır.

Türkiyəli pulmonoloq, professor Gülcihan Özkan elektron siqaretlərin və birdəfəlik elektron siqaretlərin yaratdığı təhlükələr barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, elektron siqaretlərin adi siqaretlə müqayisədə daha az zərərli, hətta tamamilə təhlükəsiz olması barədə fikirlər yanlışdır. Məhsulun ənənəvi siqaretdən fərqli olması onun sağlamlıq üçün təhlükəsiz olduğu demək deyil.

Mütəxəssis elektron siqaretlərin ürək-damar sisteminə təsirinin də diqqətdən kənarda qalmamalı olduğunu bildirib. Xüsusilə gənc yaşlarda bu məhsullardan istifadəyə başlanılması nikotin asılılığı ilə yanaşı, gələcəkdə müxtəlif sağlamlıq problemlərinin yaranması riskini artırır.

Elektron siqaret istifadəsi ilə əlaqəli ağır ağciyər zədələnməsi halları da ciddi narahatlıq doğurur. Xüsusilə bəzi elektron siqaret mayeləri ilə əlaqələndirilən bu vəziyyət zamanı öskürək, nəfəs darlığı, sinə ağrısı və qızdırma kimi əlamətlər müşahidə oluna bilər. Ağır hallarda xəstələrin xəstəxanada müalicəsinə və oksigen dəstəyinə ehtiyac yaranır.

Professor elektron siqaret və birdəfəlik elektron siqaret istifadə edən şəxslərdə yeni yaranan və ya getdikcə şiddətlənən tənəffüs problemlərinə, xırıltıya, öskürəyə, sinədə sıxılmaya və nəfəs darlığına laqeyd yanaşmamağın vacibliyini vurğulayıb.

Onun fikrincə, elektron siqaretlərin və birdəfəlik növlərinin uşaqlar və yeniyetmələr arasında yayılması tənəffüs sistemi xəstəlikləri baxımından mühüm ictimai sağlamlıq probleminə çevrilir. Bu məhsullardan istifadə zamanı tənəffüs yolları müxtəlif kimyəvi maddələrin təsirinə məruz qalır. Kimyəvi maddələr ehtiva edən aerozolların nəfəs yolu ilə ağciyərlərə daxil olması tənəffüs sağlamlığı üçün ciddi risk yaradır.

Mütəxəssis uşaqların bu təhlükələrdən qorunmasında valideynlərin roluna da diqqət çəkib. O, ailələrin uşaqlarla açıq ünsiyyət qurmasının, onları yalnız adi siqaretin deyil, elektron siqaretlərin də sağlamlıq üçün yaratdığı risklər barədə məlumatlandırmasının vacibliyini qeyd edib.

Professor, həmçinin valideynlərin bu məhsullardan istifadə etməklə uşaqlara nümunə olmamasının, məktəblərdə və sosial mühitdə elektron siqaret istifadəsinin normallaşdırılmasına qarşı maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətini vurğulayıb.