Xəbər lenti

Ay və Marsdan Yerə yadplanetli viruslar gətirilə bilər -Alimdən xəbərdarlıq
Sağlamlıq19:39 21.11.2026

Ay və Marsdan Yerə yadplanetli viruslar gətirilə bilər -Alimdən xəbərdarlıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gələcəkdə Ay və Marsa təşkil olunacaq insanlı missiyaların iştirakçıları Yerə indiyədək rast gəlinməyən virusları daşıya bilərlər. Alimlər bu ehtimalın tamamilə istisna edilmədiyini bildirirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə Moskva Dövlət Universitetinin biologiya fakültəsinin virusologiya kafedrasının professoru, biologiya elmləri doktoru Nikolay Nikitin Çinin Şençjen şəhərində keçirilən beynəlxalq “Science 0+” festivalı çərçivəsində danışıb.

Alimin sözlərinə görə, virusların kosmosun böyük məsafələrini müstəqil şəkildə qət edərək Yerə çatması mümkün görünmür. Lakin onların canlı orqanizmlər vasitəsilə daşınması ehtimalı var. Bu baxımdan, gələcək kosmik missiyalarda iştirak edəcək astronavtlar potensial daşıyıcı rolunu oynaya bilərlər.

Nikitin qeyd edib ki, aparılan təcrübələr virusların bəzi komponentlərinin kosmik şəraitdə sağ qala bildiyini göstərir. Onun fikrincə, mümkün ssenarilərdən biri virusların Ay və Marsa səfər edən insanların orqanizmində Yerə gətirilməsidir.

Professor həmçinin panspermiya fərziyyəsini xatırladıb. Bu nəzəriyyəyə əsasən, həyatın elementləri meteoritlər vasitəsilə bir planetdən digərinə daşına bilər. Məsələn, böyük asteroidin Mars səthinə çırpılması nəticəsində planetdən qopan süxurların daxilində viruslar və ya digər bioloji komponentlər kosmosa yayıla bilər.

Alimlərin bu xəbərdarlığı gələcək kosmik missiyalarda bioloji təhlükəsizlik və planetlərarası çirklənmənin qarşısının alınması məsələlərinin əhəmiyyətini bir daha gündəmə gətirir.

Aydın