
ABŞ alimləri insan beynində danışıq başlamazdan əvvəl sözlərin formalaşmasına kömək edən kiçik bir sahə aşkar ediblər. Kəşf nitqin beyində necə yarandığı ilə bağlı 150 ildən artıqdır qəbul edilən elmi yanaşmaya yenidən baxılmasına səbəb ola bilər. Tədqiqatın nəticələri nitq qabiliyyətini itirmiş insanların ünsiyyət imkanlarının bərpası üçün yeni texnologiyaların yaradılmasına da yol aça bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə “Interesting Engineering” nəşri məlumat yayıb.
Kaliforniya Universitetinin San-Fransisko bölməsinin (UCSF) alimləri müəyyən ediblər ki, beynin ənənəvi olaraq nitqin anlaşılması ilə əlaqələndirilən Vernike zonasının bir hissəsi sözlərin formalaşmasında da mühüm rol oynayır.
Edvard Çanqın rəhbərlik etdiyi tədqiqat qrupu sol arxa yuxarı gicgah qırışığında (lpSTG) yerləşən neyronların insan danışmağa başlamazdan təxminən 0,25 saniyə əvvəl aktivləşdiyini müəyyən edib. Bu neyronlar insanın demək istədiyi sözün uzunluğu, hecalarının sayı və gündəlik istifadədəki tezliyi kimi xüsusiyyətləri əvvəlcədən kodlaşdırır. Daha sonra beyin hərəkətlərə nəzarət edən sahələr həmin məlumatları ağız və nitq aparatının hərəkətlərinə çevirir.
150 illik elmi yanaşma dəyişə bilər
1870-ci illərdə alman nevroloq Karl Vernike beynin gicgah payının arxa hissəsindəki zədələrin insanlarda həm nitqi anlamaq, həm də danışmaq problemləri yaratdığını müşahidə etmişdi. O, bu sahənin eşidilən sözlərin beyində təsvirlərinin formalaşmasında iştirak etdiyini irəli sürmüşdü.
Lakin sonrakı illərdə həmin zona əsasən nitqin anlaşılmasına cavabdeh mərkəz kimi qəbul edilib. Danışığın yaranması isə beynin başqa sahələrinin funksiyası hesab olunub.
Yeni araşdırma bu bölgülərin düşündüyümüz qədər dəqiq olmadığını göstərir. Məlum olub ki, nitqin qavranılmasında iştirak edən neyronlar sözlərin formalaşmasına kömək edən neyronlarla bir-birinə çox yaxın yerləşir, bəzi hallarda isə üst-üstə düşür. Bu xüsusiyyət insanın eşitdiyi sözləri öyrənməsi və sonradan özü tələffüz etməsi arasındakı əlaqəni izah edə bilər.
Tədqiqatın nəticələri noyabrın 19-da “Science” jurnalında dərc olunub.
Danışıq qabiliyyətini itirənlər üçün yeni imkan
Alimlər hesab edirlər ki, kəşf gələcəkdə beyin-kompüter interfeyslərinin hazırlanmasında mühüm rol oynaya bilər. Belə sistemlər beyin siqnallarını təhlil edərək insanın demək istədiyi sözləri nitqə çevirə bilir.
Hazırda bu texnologiyaların bir çoxu nitq aparatının hərəkətlərinə nəzarət edən beyin sahələrindən alınan siqnallara əsaslanır. Lakin danışıq qabiliyyətini itirmiş bəzi insanlarda həmin bölgələr zədələnmiş ola bilər. Yeni müəyyən edilən lpSTG sahəsi isə sözün formalaşmasının daha erkən mərhələsində aktivləşdiyi üçün alternativ siqnal mənbəyinə çevrilə bilər.
Tədqiqatçılar nəzəriyyəni yoxlamaq məqsədilə ağır iflic səbəbindən danışa bilməyən bir şəxsin beyin aktivliyindən istifadə edərək onun demək istədiyi və eşitdiyi sözləri deşifrə etməyə çalışıblar.
Alimlərin fikrincə, gələcəkdə bu yanaşma həm danışmaq, həm də qarşı tərəfin nitqini anlamaq imkanına malik ikitərəfli neyrointerfeyslərin yaradılmasına şərait yarada bilər. Bu isə nitq qabiliyyətini itirmiş insanların ünsiyyətə daha dolğun şəkildə qayıtmasına kömək edə bilər.
Aydın