Xəbər lenti

Psixoloq: "Qadına qarşı zorakılığı qısqanclıqla izah etmək bizi əsas problemdən uzaqlaşdırır"
Ölkə13:17 21.11.2026

Psixoloq: "Qadına qarşı zorakılığı qısqanclıqla izah etmək bizi əsas problemdən uzaqlaşdırır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Qadına qarşı zorakılıqdan danışarkən hadisəni “qısqanclıq zəminində baş verib” ifadəsi ilə izah etmək çox vaxt bizi əsas sualdan uzaqlaşdırır”.

Bunu Qaynarinfo-ya açıqlamasında Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov son iki ayda qadınların qətlə yetirilməsi halları ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, əsas diqqət təhdid, təqib və məcburi nəzarət əlamətlərinin vaxtında müəyyən edilməsinə və bu hallara necə reaksiya verilməsinə yönəldilməlidir:

“Konkret hadisələrin motivi barədə isə yalnız həmin iş üzrə təsdiqlənmiş faktlar əsasında fikir söyləmək olar. Psixoloji baxımdan diqqət yetirməli olduğumuz məqam insanın qarşı tərəfin sərhədlərinə və seçimlərinə necə münasibət göstərməsidir. Bir qadının kimlə görüşəcəyinə, hara gedəcəyinə, işləyib-işləməyəcəyinə zorla qərar vermək, onu yaxınlarından təcrid etmək və ayrılmaq istədikdə hədələmək ciddi siqnallardır. Təhdid və məcburi nəzarət fiziki zorakılıq baş verməmişdən əvvəl də ciddi qəbul edilməlidir”.

Elnur Rüstəmov əlavə edib ki, zorakılığa görə məsuliyyət onu törədən şəxsin üzərinə düşür:

“Bu məsələdə yaxın çevrənin reaksiyası da önəmlidir. Qadın təhdid edildiyini deyirsə, ilk addım onu mühakimə etmədən dinləmək, təhlükəni ciddiyə almaq və təhlükəsiz şəkildə dəstək almasına kömək etməkdir. “Ailə məsələsidir, öz aralarında həll edərlər” deyib geri çəkilmək onun kömək istəməsini daha da çətinləşdirir. Qarşısının alınması elə bu mərhələdə başlayır”.

Psixoloq xüsusi olaraq vurğulayıb ki, insan qorxduğunu ilk dəfə dilə gətirəndə onun sözlərinə ciddi yanaşmaq lazımdır.

Xatırladaq ki, ölkədə son iki ay ərzində 8 qadın qətlə yetirilib. Cinayətlərin bəziləri qadınların keçmiş həyat yoldaşları, bəziləri isə qardaşları tərəfindən törədilib.

Bahar Rüstəmli