Xəbər lenti

Az yatmağın təhlükəsi: Yaddaş zəifləyir, beyin dumanlanır
Sağlamlıq08:45 21.11.2026

Az yatmağın təhlükəsi: Yaddaş zəifləyir, beyin dumanlanır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gecə yuxusunun yeddi saatdan az olması yaddaşın zəifləməsinə və “beyin dumanı” adlandırılan vəziyyətin yaranmasına səbəb ola bilər. Mütəxəssislər normal beyin fəaliyyəti üçün kifayət qədər yatmağın və yuxu rejiminə əməl etməyin vacibliyini vurğulayırlar.

Qaynarinfo xəbər verir ki, bu barədə “The New York Post” nəşri Kaliforniyalı psixiatr və neyrogörüntüləmə üzrə mütəxəssis Daniel Amenin araşdırmalarına istinadən məlumat yayıb.

Mütəxəssisin sözlərinə görə, beyin gün ərzində toplanan metabolik tullantılardan təmizlənmək üçün ən azı yeddi saatlıq yuxuya ehtiyac duyur. Bu proses qlimfatik sistem vasitəsilə həyata keçirilir. Alimlər onu bəzən beynin gecə təmizlənməsi mexanizmi kimi də xarakterizə edirlər.

Daniel Amen bildirir ki, yuxunun kifayət qədər olmaması bu prosesə mane olur və nəticədə koqnitiv problemlərin yaranma riskini artıra bilər. O, hər gün, hətta həftəsonları da eyni saatda yatmağı və ən azı yeddi saat yuxu almağı tövsiyə edir.

Psixiatr yatmazdan əvvəl telefon, planşet və kompüterdən istifadəni də məhdudlaşdırmağı məsləhət görür. Onun fikrincə, ekranlardan yayılan işıq yuxuya getməyi gecikdirə və istirahətin keyfiyyətini aşağı sala bilər. Buna görə də yatmazdan ən azı bir saat əvvəl elektron cihazları söndürmək, əvəzində kitab oxumaq, gündəlik yazmaq və ya ilıq vanna qəbul etmək faydalıdır.

Yuxu üçün uyğun mühitin yaradılması da vacib amillərdəndir. Otağın temperaturunun aşağı salınması, zəif işıqlandırma və lavanda kimi sakitləşdirici qoxulardan istifadə rahat yuxuya kömək edə bilər.

Amen yatmazdan əvvəl narahatlıq yaradan fikirlərdən qurtulmaq üçün “narahatlıqlar gündəliyi” aparmağı da təklif edir. Bunun üçün yatmağa təxminən 30 dəqiqə qalmış insanı düşündürən problemləri yazmaq tövsiyə olunur. Bu üsul fikirləri nizamlamağa və təkrarlanan narahatlıqları azaltmağa kömək edə bilər.

Məqalədə melatonin, maqnezium və digər bəzi əlavələrin də yuxuya təsirindən bəhs edilir. Lakin onların istifadəsi mütəxəssis məsləhəti ilə həyata keçirilməlidir.

Aydın