Xəbər lenti

Babilin süqut tarixi minilliklər sonra dəqiqləşdirildi - Alimlər yeni sübutlar tapdı
Dünya17:20 20.11.2026

Babilin süqut tarixi minilliklər sonra dəqiqləşdirildi - Alimlər yeni sübutlar tapdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Alimlər qədim Babilin süqut tarixini müəyyənləşdirməyə imkan verən yeni elmi sübutlar əldə ediblər. Tədqiqat zamanı ağacların illik halqaları, arxeoloji tapıntılar və Alyaskada baş vermiş güclü vulkan püskürməsinin izləri araşdırılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə “Archaeology Magazine” nəşri məlumat yayıb.

Qədim Babilin süqutu Mesopotamiya tarixinin mühüm dönüş nöqtələrindən biri hesab olunur. Şəhər het hökmdarı I Mursilinin qoşunları tərəfindən ələ keçirilib və bununla da Hammurapi sülaləsi kimi tanınan Qədim Babil çarlığının mövcudluğuna son qoyulub.

Lakin hadisənin dəqiq tarixi uzun illər tarixçilər arasında mübahisə mövzusu olub. Alimlər bu barədə yüksək, orta, aşağı və ultraaşağı xronologiya olmaqla bir neçə fərqli ehtimal irəli sürüblər.

Arizona Universitetindən Şarlotta Pirsonun rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu Türkiyənin indiki ərazisində yerləşən arxeoloji abidələrdən tapılmış ağac nümunələrini araşdırıb. Mütəxəssislər ağacların ayrı-ayrı illik halqalarında radiokarbon səviyyəsini ölçərək eramızdan əvvəl 2072–744-cü illəri əhatə edən xronoloji ardıcıllıq hazırlayıblar.

Araşdırmanın digər mərhələsində alimlər qədim Babil mənbələrindəki Venera planetinin müşahidələri ilə vulkan püskürmələri barədə məlumatları müqayisə ediblər. Planetin bəzi dövrlərdə qeyri-adi dərəcədə çətin görünməsi atmosferdəki toz və vulkan külü ilə əlaqələndirilib.

Ən uyğun nəticə Alyaskada yerləşən Aniakçak vulkanının eramızdan əvvəl 1628–1627-ci illərdə baş vermiş böyük püskürməsi ilə əldə olunub.

Bütün məlumatları birləşdirən tədqiqatçılar Babilin süqutunun eramızdan əvvəl təxminən 1587-ci ildə baş verdiyi qənaətinə gəliblər. Onların fikrincə, mövcud sübutlara ən çox orta-aşağı xronologiya uyğun gəlir.

Araşdırma zamanı daha bir maraqlı fakt üzə çıxıb. Ağac nümunələrinin təhlili eramızdan əvvəl 1228–1188-ci illərdə bölgədə uzunmüddətli quraqlıq yaşandığını göstərib. Xüsusilə eramızdan əvvəl 1194–1192-ci illərdə vəziyyət daha ağır olub. Bu dövrdən iki il sonra Het dövlətinin paytaxtı Hattuşa talan edilərək yandırılıb.

Alimlər iqlim problemlərinin Het imperiyasının zəifləməsində rol oynamış ola biləcəyini istisna etmirlər.

Tədqiqatçılar hesab edirlər ki, ağac halqalarının radiokarbon analizi ilə digər elmi məlumatların birləşdirilməsi qədim dünyanın tarixindəki başqa mübahisəli hadisələrin də tarixini dəqiqləşdirməyə imkan verəcək.

Aydın