
İnsanların ritm hissi və səsləri melodiyalara çevirmək qabiliyyəti ən azı 135 min il əvvəl formalaşıb. Bu isə indiyədək aşkar edilmiş ən qədim musiqi alətlərindən təxminən 100 min il daha qədim tarixdir.
Qaynarinfo xəbər verir ki, bu qənaətə Avstriya Elmlər Akademiyası və Vyana Universitetinin tədqiqatçıları gəlib. Araşdırmanın nəticələri “Frontiers in Psychology” jurnalında dərc olunub.
Alimlərin diqqətini çəkən əsas məqam musiqinin bütün xalqlarda, o cümlədən dünyanın digər hissələrindən uzun müddət təcrid olunmuş icmalarda mövcud olmasıdır. Halbuki bu günə qədər tapılmış ən qədim sümük fleytalarının təxminən 40 min il yaşı var.
Tədqiqatçılar bu ziddiyyəti insanlığın genetik mənşəyini əks etdirən nəsil ağacı ilə müqayisə ediblər. Genetik məlumatlara əsasən, müasir insanların əcdadlarının ilk böyük qollarından biri olan koysan xalqlarının əcdadları təxminən 135 min il əvvəl ümumi insan populyasiyasından ayrılıb.
Alimlər hesab edirlər ki, musiqi qabiliyyəti bütün insan qruplarında mövcud olduğuna görə, bu xüsusiyyət həmin ayrılmadan əvvəl ümumi əcdadlarda artıq formalaşmış olmalıdır.
Araşdırmada musiqinin köklərinin daha qədim dövrlərə gedib çıxması ehtimalı da nəzərdən keçirilib. Homo sapiens növünün təxminən 300 min il əvvəl meydana gəldiyi, insanlarla neandertalların əcdadlarının isə 500-600 min il əvvəl ayrıldığı bildirilir. Hətta şimpanzelərlə insanların ortaq əcdadlarında da ritm və səsləri qavrama ilə bağlı ilkin qabiliyyətlərin mövcud olduğu ehtimal edilir.
Tədqiqatçılar musiqinin müxtəlif mədəniyyətlərdə fərqli formalarda təqdim olunmasına baxmayaraq, ritm və səslərin müəyyən qanunauyğunluqlar əsasında təşkil edilməsinin ümumi xüsusiyyət olduğunu vurğulayırlar.
Müəlliflər araşdırmada “genomik aşağı sərhəd” metodundan istifadə ediblər. Bu yanaşmaya görə, müəyyən bir xüsusiyyət insanlığın bütün əsas qollarında mövcuddursa, onun ümumi əcdadda da formalaşdığı qənaətinə gəlmək mümkündür.
Alimlər bununla yanaşı, müasir xalqların mədəni xüsusiyyətlərinə əsaslanaraq uzaq keçmiş haqqında nəticə çıxarmağın ehtiyatlı yanaşma tələb etdiyini bildirirlər. Onlar gələcək araşdırmalarda musiqi qabiliyyətinin əsas komponentlərindən məhrum olan hər hansı qədim insan populyasiyasının mövcudluğunu araşdırmağı planlaşdırırlar. Hazırda elmdə belə bir nümunə məlum deyil.
Aydın