Xəbər lenti

Elmi şəkildə adlandırılan ilk heyvanın itmiş nümunəsi 168 il sonra yenisi ilə əvəzləndi
Dünya20:40 20.11.2026

Elmi şəkildə adlandırılan ilk heyvanın itmiş nümunəsi 168 il sonra yenisi ilə əvəzləndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Elmi təsnifat tarixində xüsusi yeri olan Araneus angulatus hörümçək növü 168 ildən sonra yenidən fiziki nümunə ilə təmsil olunmağa başlayıb. İsveç sahillərindəki adalardan toplanan səkkiz hörümçək arasından seçilən yetkin erkək fərd növün yeni elmi istinad nümunəsi kimi müəyyənləşdirilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin “CHIP” nəşri məlumat yayıb.

Bu hörümçəyin elmi tarixdəki əhəmiyyəti 1757-ci ilə gedib çıxır. İsveçli təbiətşünas Karl Linneyin tələbəsi Karl Aleksandr Klerk həmin il nəşr olunan “Svenska Spindlar” əsərində İsveçdə yayılmış 66 hörümçək növünü təsvir edib. Onlardan biri olan Araneus angulatus elmi adlandırma tarixinin ilk nümunələri sırasında xüsusi yer tutub.

Klerkin ölümündən sonra onun hörümçək kolleksiyası əvvəlcə Peter Jonas Berqiusa satılıb, daha sonra Stokholmdakı botanika bağının kolleksiyasına daxil edilib. Lakin 1965-ci ildə aparılan yoxlamalar zamanı Araneus angulatus növünə aid üç ilkin nümunənin itkin düşdüyü müəyyənləşib.

Bu, növün elmi adını konkret fiziki nümunə ilə əlaqələndirməyi çətinləşdirib. Çünki zooloji təsnifatda belə nümunələr növün hansı canlıya aid olduğunu dəqiqləşdirmək üçün mühüm istinad rolunu oynayır.

Problemi aradan qaldırmaq üçün tədqiqatçılar İsveçdə araşdırma apararaq səkkiz hörümçək toplayıblar. Onların arasından növün xarakterik xüsusiyyətlərini ən yaxşı əks etdirən yetkin erkək fərd yeni istinad nümunəsi – neotip kimi seçilib.

“Taxonomy” jurnalında dərc olunan araşdırma nəticəsində 1757-ci ildə verilmiş elmi ad yenidən konkret nümunə ilə əlaqələndirilib. Bununla belə, alimlər vurğulayırlar ki, söhbət itmiş ilkin nümunələrin tapılmasından deyil, onların yerinə yeni elmi istinadın müəyyən edilməsindən gedir.

Tədqiqatçılar Klerkin təsvir etdiyi digər 65 hörümçək növünün ilkin nümunələrinin də itmiş ola biləcəyini ehtimal edirlər. Lakin həmin növlərin kimliyi ilə bağlı ciddi qarışıqlıq olmadığından, hazırda onların hamısı üçün yeni istinad nümunələri müəyyənləşdirməyə ehtiyac görülmür.

Aydın