
Misir fironu Tutanxamonun məqbərəsindən tapılan məşhur xəncərin meteorit mənşəli dəmirdən hazırlandığı elmi araşdırmalarla təsdiqlənib. Alimləri xüsusilə silahın hazırlandığı dövrdə dəmir emalının son dərəcə nadir olması təəccübləndirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Forschung und Wissen" portalı məlumat yayıb.
Xəncər 1925-ci ildə Tutanxamonun mumiyasının dəfn örtükləri arasında aşkarlanıb. Onun metal tərkibi 2016 və 2022-ci illərdə aparılan elmi tədqiqatlarda ətraflı araşdırılıb. Nəticələr bıçağın tərkibindəki nikel və kobaltın yüksək miqdarının dəmir meteoritlərinə xas olduğunu üzə çıxarıb.
2016-cı ildə portativ rentgen-flüoressensiya analizi ilə aparılan ölçmələr zamanı xəncərin metalında 10,8 faiz nikel və 0,58 faiz kobalt müəyyən edilib. Müqayisə üçün qeyd edək ki, XIX əsrə qədər yer filizlərindən əldə edilən dəmirdə nikelin miqdarı, bir qayda olaraq, 4 faizdən az olub. Dəmir meteoritlərində isə bu göstərici 5-35 faiz arasında dəyişir.
Tutanxamon eramızdan əvvəl XIV əsrdə, Tunc dövrünün son mərhələsində hakimiyyətdə olub. Həmin dövrdə Nil vadisində mis, tunc və qızıl emalı geniş yayılsa da, dəmir olduqca nadir material hesab edilirdi. Dəmirdən geniş istifadə isə Şərqi Aralıq dənizi bölgəsində yalnız eramızdan əvvəl 1200-cü ildən sonra yayılmağa başlayıb.
2020-ci ildə aparılan əlavə araşdırma isə xəncərin hazırlanma texnologiyasına aydınlıq gətirib. Alimlər metalın əvvəlcə qızdırıldığını, daha sonra döyülərək formaya salındığını müəyyən ediblər. Emal zamanı temperaturun ən azı 700, ən çoxu isə 950 dərəcəyə çatdığı ehtimal olunur.
Bununla belə, alimlər xəncərin hazırlandığı meteoritin konkret olaraq haraya düşdüyünü müəyyən edə bilməyiblər. Metalın tərkibi onun kosmos mənşəli olduğunu təsdiqləsə də, meteoritin tapıldığı yer və xammalın Misirə hansı ticarət yolu ilə gətirildiyi hələ də naməlumdur.
Aydın