Xəbər lenti

İraq hökuməti İranmeyilli qruplaşma ilə anlaşdı - Toqquşma təhlükəsi aradan qalxdı
Dünya16:48 20.11.2026

İraq hökuməti İranmeyilli qruplaşma ilə anlaşdı - Toqquşma təhlükəsi aradan qalxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İraqda mərkəzi hökumətlə İranın dəstəklədiyi nüfuzlu silahlı qruplaşmalardan biri olan “Kətaib Hizbullah” arasında yaranmış gərginlik danışıqlar yolu ilə həll edilib. Tərəflər mümkün silahlı qarşıdurmanın qarşısını almaq barədə razılığa gəliblər.

Qaynarinfo xəbər verir ki, razılaşmaya əsasən, qruplaşma təxminən 12 ildir faktiki nəzarətində saxladığı Cürf əs-Səhr şəhərindən qüvvələrini çıxararaq İraqın digər bölgələrinə köçürəcək.

İraq hökuməti noyabrın 16-da qruplaşmadan Bağdaddan təxminən 60 kilometr cənub-qərbdə yerləşən bu şəhəri tərk etməyi tələb etmişdi. Buna səbəb kimi ərazidə dövlətə məxsus neftin qanunsuz mənimsənilməsi göstərilirdi. Mərkəzi hakimiyyətin iddiasına görə, “Kətaib Hizbullah” 2021-ci ildən etibarən neft kəmərinə qanunsuz müdaxilə edərək dövlət resurslarını oğurlayıb və satışından yüz milyonlarla dollar gəlir əldə edib.

İraq hökuməti bu addımla ölkədə silahlı qüvvələr üzərində dövlət nəzarətini bərpa etməyə və İranmeyilli qruplaşmaların hərbi imkanlarını məhdudlaşdırmağa çalışır. Baş nazir Əli əz-Zeydinin daha əvvəl elan etdiyi plana əsasən, ölkədə güc tətbiqi hüququ yalnız nizami ordunun səlahiyyətində olmalıdır.

Gərginliyin azalmasında İranın “Qüds” qüvvələrinin komandanı İsmayıl Qaaninin də rolu olduğu bildirilir. O, noyabrın 16-da Bağdada gələrək şiə silahlı qruplaşmalarının komandirləri və İraq rəhbərliyi ilə danışıqlar aparıb.

Noyabrın 20-də Cürf əs-Səhrdə təhlükəsizlik qüvvələrinin fəaliyyətini əlaqələndirmək üçün birgə komandanlıq qərargahı yaradılıb. Yeni strukturda İraq ordusu və polis bölmələri ilə yanaşı, digər İranmeyilli, lakin daha mülayim silahlı qruplaşmaların qüvvələri də təmsil olunacaq.

Qeyd edək ki, Bağdadın bu siyasətinin ABŞ-ın təzyiqləri ilə də əlaqəli olduğu bildirilir. Vaşinqton İraqda İran təsirinin məhdudlaşdırılmasını və silahlı qruplaşmaların dövlət nəzarətinə alınmasını tələb edir. Razılaşma isə hökumətə birbaşa hərbi qarşıdurmaya getmədən nəzarəti bərpa etmək imkanı yaradır.

Aydın