Xəbər lenti

2035-ci ildə dünyada müsəlmanların sayı xristianları üstələyə bilər (TƏDQİQAT)
Dünya22:12 19.11.2026

2035-ci ildə dünyada müsəlmanların sayı xristianları üstələyə bilər (TƏDQİQAT)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yaxın onillikdə dünyada dini mənsubiyyət baxımından ciddi demoqrafik dəyişiklik baş verə bilər. Proqnozlara görə, 2035-ci ilə qədər müsəlmanların sayı artaraq xristianları geridə qoya və dünyanın ən böyük dini icmasına çevrilə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-ın Pew Research Center araşdırma mərkəzinin 2020–2070-ci illəri əhatə edən yeni tədqiqatında bildirilib.

Araşdırmaya əsasən, hər iki dini icmanın sayında artım gözlənilsə də, müsəlman əhalinin artım tempi daha yüksək olacaq. Proqnozlara görə, 2070-ci ilə qədər dünyada müsəlmanların sayı 3,6 milyardı ötəcək, xristianların sayı isə 3 milyarddan bir qədər az olacaq.

Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə müsəlmanlar dünya əhalisinin 26 faizini, xristianlar isə 29 faizini təşkil edirdi. 2070-ci ilə dair proqnozlarda bu göstəricilərin müvafiq olaraq 36 və 29 faizə çatacağı gözlənilir.

Tədqiqat müəllifləri müsəlman əhalinin daha sürətli artmasını ilk növbədə yüksək doğum səviyyəsi ilə əlaqələndirirlər. Belə ki, 2020–2025-ci illərdə müsəlman qadınların hər birinə orta hesabla 3,1 uşaq düşüb. İslam dininə mənsub olmayan qadınlarda isə bu göstərici 2 olub.

Digər mühüm amil müsəlman əhalinin yaş strukturudur. 2020-ci ildə müsəlmanların orta yaşı 24 olub. İslam dininə mənsub olmayan şəxslərdə isə bu göstərici 33 yaş təşkil edib. Daha gənc əhali gələcəkdə təbii artım potensialının yüksək olmasına şərait yaradır.

Araşdırmada digər dini qruplarla bağlı da proqnozlar yer alıb. Bildirilir ki, buddistlərin dünya əhalisində payı azalacaq. Heç bir dinə mənsub olmayan insanların payının isə 2020-ci ildəki 24 faizdən 2070-ci ildə 17 faizə düşəcəyi gözlənilir. Hinduların mütləq sayı artsa da, dünya əhalisindəki xüsusi çəkiləri azalacaq.

Tədqiqatçılar ayrı-ayrı ölkələrdə də dini mənzərənin dəyişəcəyini proqnozlaşdırırlar. Belə ki, ABŞ-ın 2070-ci ilə qədər xristian əhalinin üstünlük təşkil etdiyi ölkə statusunu itirə biləcəyi bildirilir.

Aydın