Xəbər lenti

Ali məktəblərdə köhnə dərsliklər, işləməyən laboratoriyalar və formal təcrübə - Nazirin etirafı nədən xəbər verir?
Ölkə16:53 19.11.2026

Ali məktəblərdə köhnə dərsliklər, işləməyən laboratoriyalar və formal təcrübə - Nazirin etirafı nədən xəbər verir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Elm və təhsil naziri Emin Əmrullayev “Peşə Təhsili Forumu – 2026” tədbirində diplomun real bilik və bacarıqları əks etdirmədiyini bildirib. Nazir qeyd edib ki, mövcud yanaşmaya görə, diplomu olan şəxsin avtomatik olaraq müvafiq biliklərə sahib olduğu düşünülür, lakin bu, heç də həmişə belə deyil. Onun sözlərinə görə, diplomun arxasında hansı bilik və bacarıqların dayandığını müəyyənləşdirmək təhsil müəssisələrinin əsas prinsiplərindən biri olmalıdır və diplom illərə görə deyil, biliyə və bacarığa görə verilməlidir.

Maraqlıdır, təhsil proqramlarının hazırlanması, tədris prosesinin təşkili və diplomların verilməsi dövlətin nəzarətində olduğu halda, nazirin bu açıqlaması təhsil sistemindəki problemlərin etirafı kimi qiymətləndirilə bilərmi? Əgər diplom illərlə təhsil almağın deyil, real bilik və bacarığın göstəricisi olmalıdırsa, indiyədək diplomlar hansı meyarlarla verilib? Universitetlərdə kadr hazırlığının keyfiyyətini artırmaq üçün hansı dəyişikliklərə ehtiyac var?

Təhsil eksperti Tuqay Rzazadə mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında bildirib ki, nazirin fikirləri ilə razı olsa da məsələyə həm ayrı-ayrı məzunlar, həm də bütövlükdə universitetlərin təhsil keyfiyyəti baxımından yanaşmaq lazımdır:

"Mən bu fikirlə tamamilə razıyam. Amma burada nazirin məsələyə hansı prizmadan yanaşdığını dəqiq bilmirik. Ola bilsin ki, o, fərdi yanaşmadan çıxış edir və demək istəyir ki, ali təhsil müəssisəsini bitirərək diplom alan hər bir məzun mütləq həmin ixtisas üzrə müvafiq bilik və bacarıqlara sahib deyil.

Yox, əgər nazir bütün universitetləri nəzərdə tutaraq ümumi yanaşma sərgiləyirsə, bu halda o, əslində, təhsil sistemindəki boşluqları və ali təhsilin bu gün əmək bazarının tələblərinə cavab verən, rəqabətqabiliyyətli mütəxəssislər hazırlaya bilmədiyini etiraf etmiş olur. Hesab edirəm ki, məsələyə həm fərdi, həm də ümumi müstəvidə yanaşmaq mümkündür".

Ekspertin fikrincə, ali təhsil müəssisələrinin bir qismində hələ də müasir dövrün tələblərinə cavab verməyən tədris proqramlarından və dərs vəsaitlərindən istifadə olunur. O, universitetlərdə infrastrukturun və elmi mühitin vəziyyətinin də kadr hazırlığının keyfiyyətinə təsir göstərdiyini vurğulayıb:

"Yəni ümumən götürsək, bu gün bir sıra universitetlərimiz var ki, həqiqətən də bəlkə də on illərdir istifadə olunan, artıq əhəmiyyətini itirmiş, müasir dövrün tələblərinə cavab verməyən kurikulumlardan, dərs vəsaitlərindən istifadə edirlər. Bəzilərinin hətta laboratoriyalarındakı qurğular belə bir çoxları işləmir. Yəni infrastrukturun zəif olduğu, elmi mühitin aşağı səviyyədə olduğu, eyni zamanda oradakı akademik heyətin bir çoxlarının, bəzilərinin — hansı ki, yaşlı professorlarımız var — bir çoxlarının elmi jurnallarda məqalələri yoxdur. Belə bir mühitdə hazırlanan tələbələr, məzunlar təbii ki, diplom onlar üçün diplomdan, kağız parçasından başqa bir əhəmiyyət daşımayacaq".

Tuqay Rzazadə hesab edir ki, diplomun real bilik və bacarıqları əks etdirməməsi yalnız universitetlərin ümumi fəaliyyətindən qaynaqlanmır. Burada məzunların fərdi hazırlıq səviyyəsi də nəzərə alınmalıdır:

"Amma bir də digər məsələ ondan ibarətdir ki, hər diplom alan məzun o demək deyil ki, onlar müvafiq sahə üzrə yüksək səviyyədə bilik və bacarıqlara sahibdirlər. Yəni burada bəzən ümumən universitet prizmasından yanaşmaq lazımdır məsələyə, bəzən isə fərd, şəxs prizmasından yanaşmaq lazımdır".

Ekspertin sözlərinə görə, xüsusilə beynəlxalq reytinqlərdə zəif nəticə göstərən və ya ümumiyyətlə iştirak etməyən universitetlərdə tədris və elmi-metodiki vəsaitlərin, infrastrukturun inkişafına ehtiyac var. Ali təhsil müəssisələri dövrün tələblərinə uyğun mütəxəssis hazırlamağa üstünlük verməlidir:

"Hesab edirəm ki, universitetlərimizin, xüsusilə də beynəlxalq reytinqlərdə zəif nəticə göstərən, ümumiyyətlə iştirak etməyən universitetlərimizin dərs vəsaitlərinin, elmi-metodiki vəsaitlərin, infrastrukturun inkişaf etdirilməsinə böyük ehtiyac var. Yəni universitetlər əsasən dövrün tələblərinə uyğun mütəxəssis hazırlamaq haqqında düşünməlidirlər".

Tuqay Rzazadə pedaqoji təhsil sahəsindəki vəziyyəti nümunə göstərərək bildirib ki, universiteti bitirən müəllim namizədlərinin yenidən hazırlıq kurslarına və repetitorlara müraciət etməsi tədrisin keyfiyyəti ilə bağlı suallar yaradır. Onun fikrincə, burada müəllimlərin işə qəbulu imtahanlarının məzmunu ilə universitetlərdə keçirilən dərslərin uyğunluğu da araşdırılmalıdır:

"Bir vacib məqama toxunmaq istərdim. Biz bilirik ki, Pedaqoji Universiteti bitirənlər adətən müəllim kimi fəaliyyət göstərirlər, çünki onların diplomu müəllimlik peşəsinə uyğun diplomdur. Amma bir çox hallarda biz görürük ki, Pedaqoji Universiteti bitirən müəllim, müəllim olmaq istəyən namizəd təzədən əlavə ödəniş müqabilində, deməli, əlavə kurslara, repetitor yanına gedir. Bu onu deməyə əsas verir ki, bu gün burada iki sual ortaya çıxır: həqiqətən də müəllimlərin işə qəbulu imtahanlarında verilən suallarla Pedaqoji Universitetdə və yaxud da ki, bu kimi ali təhsil müəssisələrində keçirilən dərslər üst-üstə düşmür, yoxsa əslində orada verilən suallar, müsahibənin formatı elə Pedaqoji Universitetin kurikulumlarına, tədris prosesinə uyğundur, sadəcə dərslər keyfiyyətli keçirilmir?"

Ekspert əlavə edib ki, bu problem təkcə pedaqoji ixtisaslarla məhdudlaşmır. Mühəndislik, hüquq və tibb sahələrində də universiteti bitirən məzunların işə qəbul üçün əlavə hazırlığa ehtiyac duyması ali təhsilin effektivliyini sual altına qoyur:

"Reallıq odur ki, bu gün pedaqoji ixtisaslar üzrə universiteti bitirən məzunların böyük əksəriyyəti yenidən hazırlığa üz tuturlar. Bu isə həmin təhsilin nə qədər, nə dərəcədə effektiv olması sualını ortaya çıxarır. Mən indi Pedaqoji Universitetin timsalından yanaşdım. Eləcə də digər mühəndislik ixtisasları üzrə olsun və yaxud da ki, hüquq ixtisası üzrə olsun, həkimlik ixtisası üzrə olsun — biz bir çox hallarda görürük ki, şəxs məzun olur universitetdən, amma universitetdə oxuduğu, qazandığı biliklər ona kifayət etmir ki, işə qəbul prosesinə hardasa hazırlaşmadan özü qəbul ola bilsin. Bütün bunlar nazirin bu gün vurğuladığı fikirlərin önəmini bizə çatdırır ki, əslində reallıq bundan ibarətdir və nazir də bunu şəxsən nazirlik səviyyəsində görür ki, diplomun alınması bu sahə üzrə müvafiq bilik və bacarıqlara yiyələnməsi anlamına gəlmir".

Tuqay Rzazadə hesab edir ki, ali təhsilin keyfiyyətini artırmaq üçün ilk növbədə beynəlxalq təcrübədən yararlanmaq, akademik heyətin elmi fəaliyyətini gücləndirmək və universitetlərdə praktiki tədris imkanlarını genişləndirmək lazımdır:

"Bu prosesin həlli üçün hesab edirəm ki, ilk növbədə universitetlər beynəlxalq təcrübəyə uyğun şəkildə kadr hazırlamalıdırlar. Buraya akademik heyətin beynəlxalq elmi jurnallarda məqalələrinin çapından tutmuş, onların mütəmadi olaraq xarici ölkələrdə təcrübə proqramlarına cəlb olunması və xarici ölkələrdən digər professorların və akademik heyətin universitetlərə cəlb olunması və sairə məsələlər, o cümlədən infrastrukturun yenilənməsi də daxildir. Yəni tələbə, xüsusilə də texniki ixtisaslar üzrə əgər laboratoriya görmürsə, praktiki bacarıqlara sahib olmursa, o zaman gələcəkdə işə qəbul prosesində çox böyük çətinliklərlə üzləşəcəkdir".

Ekspert universitetlərdə təşkil olunan təcrübə proqramlarının da əksər hallarda qısamüddətli və formal xarakter daşıdığını bildirib. Onun sözlərinə görə, tələbələrə praktiki bacarıqlar qazandırmaq üçün təcrübə müddəti artırılmalı, tədrisdə nəzəri biliklərlə yanaşı, real iş mühitinə hazırlığa da üstünlük verilməlidir:

"Universitetlərimizdə təcrübə proqramları çox kiçik və bir çox hallarda formal xarakter daşıyır. Yəni qısamüddətli olur və formal xarakter daşıyır. Ona görə də məzun universiteti bitirdikdən sonra təcrübə azlığından şikayətlənir və bir çox işəgötürənlər də ilkin təcrübə axtarırlar deyə işə qəbul olmaqda çətinlik çəkirlər. Və bu da diplomda göstərilən bilik və bacarıqların əslində kağız üzərində olduğunu, reallıqda isə o göstərildiyi qədər olmadığı qənaətinə gəlir. Hesab edirəm ki, təcrübəyə daha çox zaman ayrılmalıdır və universitet əsas diqqətini tələbələrin nəzəri biliklərdən daha çox praktiki bacarıqlarına yönəltməlidir".

Günay İlqarqızı