
2027-ci ildə Azərbaycanda kənd təsərrüfatı üzrə vergi daxilolmalarının 13 milyon manat olacağı proqnozlaşdırılır. Bu rəqəm dövlətin aqrar sektora ayırdığı 1,5 milyard manatlıq dəstək fonunda diqqət çəkir. Belə ki, kənd təsərrüfatının inkişafı üçün milyardlarla manat vəsait ayrıldığı halda, sahədən büdcəyə daxil olması gözlənilən vergi məbləği kifayət qədər aşağıdır.
Bəs bu fərq aqrar sektorun vergi potensialının zəif olması ilə bağlıdır, yoxsa mövcud vergi güzəştləri və dövlət dəstəyi mexanizmlərinin nəticəsidir? Dövlətin ayırdığı subsidiyaların iqtisadi səmərəliliyi hansı meyarlarla qiymətləndirilməlidir?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu məsələyə yalnız büdcəyə daxil olan vergilərin həcmi prizmasından yanaşmaq düzgün deyil. Onun sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatı istehsalçıları üçün uzun müddətdir geniş vergi güzəştləri tətbiq olunur:
"Burada əsas məsələ aqrar sektorun iqtisadi dövriyyəsi ilə büdcəyə ödədiyi vergilər arasındakı fərqdir. Dövlətin kənd təsərrüfatına 1,5 milyard manat dəstək ayırdığı halda, bu sahədən cəmi 13 milyon manat vergi daxilolmasının gözlənilməsi ilk baxışdan böyük fərq yaradır. Lakin bunu birbaşa aqrar sektorun zəif vergi potensialı kimi qiymətləndirmək düzgün olmaz. Çünki Azərbaycanda kənd təsərrüfatı istehsalçıları üçün uzun müddətdir geniş vergi güzəştləri tətbiq olunur. Bu güzəştlər fermerlərin istehsal xərclərini azaltmaq, kənd təsərrüfatına investisiyanı stimullaşdırmaq və ərzaq təhlükəsizliyini təmin etmək məqsədi daşıyır".

İqtisadçı qeyd edib ki, vergi daxilolmalarının aşağı olmasına təsir göstərən digər amillər arasında kənd təsərrüfatında təsərrüfatların kiçik və parçalanmış strukturu, eləcə də qeyri-rəsmi dövriyyənin mövcudluğu var:
"Digər tərəfdən, aqrar sektorda fəaliyyət göstərən təsərrüfatların əhəmiyyətli hissəsinin kiçik və ailə təsərrüfatları olması, istehsalın parçalanmış strukturu və qeyri-rəsmi dövriyyənin mövcudluğu da vergi daxilolmalarını məhdudlaşdırır. Burada diqqət yetirilməli məqam odur ki, dövlət dəstəyinin həcmi ilə vergi gəlirlərini birbaşa müqayisə etmək olmaz. Çünki aqrar subsidiyalar yalnız büdcəyə vergi qaytarılması üçün deyil, həm də istehsalın artırılması, məşğulluğun qorunması və idxaldan asılılığın azaldılması üçün verilir".
Akif Nəsirlinin fikrincə, dövlət dəstəyinin nəticələri daha dəqiq qiymətləndirilməli, subsidiya alan təsərrüfatların istehsal və satış göstəriciləri, məhsuldarlığı və bazara çıxardığı məhsulun dəyəri şəffaf şəkildə izlənməlidir:
"Bununla belə, dövlət dəstəyinin iqtisadi nəticələri daha dəqiq ölçülməlidir. Subsidiya alan təsərrüfatların istehsal və satış həcmi, məhsuldarlığı və bazara çıxardığı məhsulun dəyəri şəffaf şəkildə izlənməlidir. Əsas məqsəd fermerlərə verilən güzəştləri aradan qaldırmaq deyil, həmin dəstəyin daha çox istehsal, daha yüksək məhsuldarlıq və iqtisadi fəallıq yaratmasına nail olmaqdır".
Günay İlqarqızı