
ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Szinpin arasında ikitərəfli görüş başa çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Çinin dövlət mediası - CCTV məlumat yayıb.
Çin Sədri Si Szinpin bildirib ki, Çin və ABŞ arasında ikitərəfli münasibətlər sabitdir və yaxşılaşmağa davam edir.
O qeyd edib ki, iki ölkə arasındakı münasibətləri doğru kursa yönəltmək üçün Trampla əməkdaşlığa əvvəlki kimi sadiqdir.
"Biz konstruktiv Çin-ABŞ münasibətlərinin yeni tərifini işləyib hazırlamışıq, onlara hörmət, ədalət və qarşılıqlılığa əsaslanan yeni məzmun vermişik", - Si Szinpin bildirib.
ABŞ Prezidenti Donald Tramp isə bildirib ki, ölkə iqtisadiyyatı digər iri inkişaf etmiş ölkələri qabaqlayaraq misilsiz artım templəri nümayiş etdirir. Trampın sözlərinə görə, son üç ay ərzində ABŞ-də inflyasiya 2 %-dən aşağı düşüb, yeni avadanlıqlara qoyulan investisiyalar isə ilin əvvəlindən bəri 21 % artıb.
"Ötən ay ABŞ iqtisadiyyatının indiyədək görünməmiş sürətlə, digər inkişaf etmiş böyük ölkələrin iqtisadiyyatlarından əhəmiyyətli dərəcədə daha sürətlə böyüdüyü elan edilib", deyə prezident bildirib.
O, həmçinin ABŞ-nin ixracının tarixi maksimuma çatdığını və Vaşinqtonun iki ildən az müddətdə xarici şirkətlərlə 22,2 trilyon dollar məbləğində investisiya öhdəlikləri barədə razılığa gəldiyini bildirib.
"Şadam ki, bu investisiyaların əhəmiyyətli hissəsi bu zalda iştirak edən dostlarımdan gəlir", deyə Tramp qeyd edib.
Onun sözlərinə görə, noyabr 1-nə ABŞ-nin milli sərvəti 25 trilyon dollar artıb və bu rekord göstəricidir.
Tramp, bu nəticələri öz administrasiyasının iqtisadi siyasəti, o cümlədən vergilərin azaldılması, dövlət tənzimlənməsinin ixtisarı və 20-dən çox ticarət sazişinin əldə olunması ilə əlaqələndirib. O əlavə edib ki, ABŞ bir sıra böyük dövlətlərlə yeni ticarət sazişləri üzrə danışıqları davam etdirir.