
Əksər səyahətçilər qış bayramlarında Almaniya və Vyananın yarmarkalarına, Finlandiyanın qarlı meşələrinə və ya Laplandiyada Şaxta babanın yanına üz tutduğu halda, Baltikyanı ölkələrin şəhərlərindən biri haqsız olaraq kölgədə qalır.
Qaynarinfo xəbər verir ki, bu barədə “The Independent” nəşrində dərc olunan məqaləsində jurnalist Reyçel Devis yazıb.
Söhbət Estoniyanın paytaxtı Tallindən gedir. Şəhər öz nağılvari İçərişəhəri, ləziz mətbəxi, isti qlintveyn və bayram təamlarının təqdim olunduğu Milad yarmarkası ilə seçilir.
Jurnalistin sözlərinə görə, bayram Tallinin ürəyi şəhərin əsas meydanı olan Bələdiyyə binası meydanıdır. Burada rahat və xoş atmosferə malik yarmarka fəaliyyət göstərir, meydanın mərkəzində isə nəhəng Milad ağacı ucaldılır. Milad ağacı 1441-ci ildən bəri məhz bu yerdə qurulur.

Bundan əlavə, marşrut axtarışı xidməti “Rome2Rio”nun son məlumatlarına əsasən, bu mövsüm Avropanın Milad yarmarkalarının keçirildiyi şəhərləri arasında qar görmək ehtimalı ən yüksək olan şəhər məhz Tallindir.
Devisin yazdığına görə, yarmarkada karusellər, əl işlərinin satıldığı taxta köşklər, Estoniyanın ənənəvi bayram yeməkləri və isti qlintveyn təqdim olunur. Jurnalistin fikrincə, bu məkan Avropanın daha məşhur yarmarkalarındakı izdihama qarışmadan bayram ab-havasını hiss etmək üçün ideal seçimdir.
Yarmarkadan sonra jurnalist İçərişəhəri gəzməyə yollanıb. UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilən bu ərazi Şimali Avropanın ən yaxşı qorunub saxlanılan orta əsr şəhərlərindən biri hesab olunur. Buradakı bəzi tikililərin tarixi XIII əsrə gedib çıxır.
İçərişəhər çoxsaylı müharibələrə, işğallara və hava hücumlarına baxmayaraq, ilkin şəhər planını və hündür qala divarlarını qoruyub saxlayıb.
İçərişəhərin sahəsi 1,3 kvadratkilometrdən azdır. Buna görə də ərazini piyada gəzmək mümkündür. Bununla belə, müəllifin sözlərinə görə, buradakı bütün maraqlı məkanları görmək üçün bir gün kifayət etməz.
Onların arasında qotik üslubda inşa edilmiş Bələdiyyə binası və Aleksandr Nevski kafedralı xüsusi yer tutur. Pravoslav məbədi 1894–1900-cü illərdə, Estoniyanın Rusiya imperiyasının tərkibində olduğu dövrdə tikilib.
Jurnalist şəhərin möhtəşəm mənzərəsini seyr etmək üçün Patkuli və Kohtuotsa müşahidə meydançalarına qalxmağı, yaxud Tallinə şəhər divarları və top qüllələrindən baxmağı da tövsiyə edir.
Devisin sözlərinə görə, istirahət etmək üçün şəhərin 1864-cü ildən fəaliyyət göstərən ən qədim kafesi “Maiasmokk”a baş çəkmək məsləhətdir.
Jurnalist qeyd edir ki, Tallində gəzərkən şəhərin mürəkkəb tarixini, xüsusilə 1944–1991-ci illərdə Estoniyanın Sovet işğalı altında olduğu dövrü unutmaq asandır.
Bu dövr haqqında daha ətraflı məlumatı Pikk küçəsi, 1 ünvanında yerləşən KQB kameralarında əldə etmək mümkündür. Vaxtilə adi yaşayış binası olan bu məkan sonradan çekistlərin dindirdiyi insanlar üçün amansız həbsxanaya çevrilib.
Dincəlmək və enerjisini bərpa etmək istəyənlərə isə jurnalist Estoniya saunasını tövsiyə edir. Çünki sauna yerli mədəniyyətin mühüm tərkib hissəsidir.
Bayram ab-havası üçün başqa hara getmək olar?
Xatırladaq ki, Münhendə Almaniyada ilk dəfə “HBO”nun Harri Potter haqqında yeni serialı əsasında Milad yarmarkası təşkil ediləcək.
Noyabrın 28-dən dekabrın 6-dək Praterinsel adasında fəaliyyət göstərəcək yarmarkada tematik köşklər, fotozonalar, sehrli dünya üslubunda hazırlanmış yeməklər və müxtəlif yaş qruplarından olan pərəstişkarlar üçün əyləncələr təqdim olunacaq.
Aydın