
“Məleykə Abbaszadənin fəaliyyətini zaman-zaman fərqli aspektlərdən təhlil etmək, bəzi məqamları tənqid etmək olar. Lakin danılmaz fakt budur ki, o, Dövlət İmtahan Mərkəzini (DİM) institusional baxımdan ciddi şəkildə inkişaf etdirib və ölkənin təhsil sistemində müsbət nümunələr yaradıb. Uzun illər ərzində yüksək peşəkarlıq nümayiş etdirərək qurumun ictimai nüfuzunu və imtahanların şəffaflığını qoruyub saxlayıb. Eyni zamanda, qiymətləndirmə sistemində rəqəmsallaşma və innovasiyaların tətbiqinə açıq olub. Hətta aparılan islahatlarla bağlı mətbuata açıqlamalarında təşəkkürünü bildirməyi özünə borc bilirdi. Bu isə hər məmura xas olmayan yüksək idarəetmə mədəniyyətinin göstəricisidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib.
O bildirib ki, heç bir rəhbər şəxs vəzifədə əbədi deyil:
“Lakin 26 il ərzində eyni vəzifədə qalmaq yalnız əsl peşəkarlara nəsib ola bilər. Məleykə Abbaszadə bundan sonra da Bakı Dövlət Universiteti (BDU) kimi ölkənin ali təhsil flaqmanı sayılan nüfuzlu ali məktəbdə rektor kimi fəaliyyətini davam etdirəcək. Bu təyinat Məleykə xanıma göstərilən yüksək siyasi etimadın bariz nümunəsidir. Məhz formalaşdırdığı möhkəm təməlin nəticəsidir ki, Məleykə Abbaszadənin vəzifəsindən azad edilməsi DİM-də qurulmuş mərkəzləşdirilmiş qiymətləndirmə sisteminin əsas prinsiplərini sarsıtmayacaq. Əksinə, yeni rəhbərliyin təyin olunması bu oturuşmuş baza üzərində idarəetmə çevikliyinin artırılmasına, imtahan modellərinin daha da müasirləşdirilməsinə, eləcə də Elm və Təhsil Nazirliyi ilə proqram uyğunluğu baxımından daha sıx koordinasiyanın qurulmasına imkan verəcək”.

Elm və Təhsil Nazirliyi ilə DİM-in birləşdirilməsi ehtimalına gəlincə, İlqar Orucov hazırda bu istiqamətdə hər hansı rəsmi qərarın olmadığını bildirib:
“Mən belə bir birləşməni məqsədəuyğun hesab etmirəm. Beynəlxalq təcrübəyə əsasən, tədrisi həyata keçirən qurumla biliyi qiymətləndirən qurum müstəqil fəaliyyət göstərməlidir ki, maraqlar toqquşmasın və obyektivlik tam təmin olunsun. Bundan əlavə, DİM təkcə təhsil pillələri üzrə deyil, dövlət qulluğuna qəbul, prokurorluq, hakimlik və digər strateji sahələr üzrə kadr seçimi imtahanları da keçirir. Buna görə də ən real ssenari DİM-in müstəqil publik hüquqi şəxs statusunu qoruyub saxlaması və yeni mərhələdə Nazirliklə əməkdaşlığı dərinləşdirərək kurikulumla imtahan sualları arasındakı fərqləri minimuma endirməsidir”.
Bahar Rüstəmli