
Bakıda tanışının adına mobil kredit tətbiqi vasitəsilə rəsmiləşdirdiyi 647 manat 50 qəpiyi gizli şəkildə öz bank kartına köçürən şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, hadisə Səbail rayonu, Ə. Əlizadə küçəsində yerləşən kafelərdən birində baş verib.
1999-cu il təvəllüdlü, Salyan rayonunun Qarabağlı kəndində qeydiyyatda olan Kənan adlı şəxs həmkəndlisi Elnurun mobil telefonundan istifadə edərək onun adına “Manato” tətbiqində kredit rəsmiləşdirib.
Məhkəmə materiallarına görə, Kənan əvvəlcə Elnurdan maddi kömək istəyib. Daha sonra onunla kafedə görüşərək 500 manat kredit götürmək üçün kömək etməsini xahiş edib. Elnur mobil telefonunu ona verib və kreditin rəsmiləşdirilməsinə razılıq göstərib.
Lakin Kənan kredit təsdiqləndikdən sonra 647 manat 50 qəpik məbləğində vəsaiti öz bank kartına köçürüb. O, pulun hələ hesaba daxil olmadığını, bir neçə gün ərzində köçürüləcəyini bildirərək tanışını aldadıb.
Zərərçəkmiş şəxs bir müddət pulun hesabına köçürüləcəyini gözləsə də, sonradan vəsaitin Kənanın kartına keçirildiyini öyrənərək polisə müraciət edib. O, kredit üzrə faizlər də daxil olmaqla 647 manat 50 qəpik ödəməli olduğunu bildirib. Zərərçəkmiş şəxsin sözlərinə görə, vurulan ziyan indiyədək ödənilməyib və o, təqsirləndirilən şəxsdən şikayətçidir.
Kənan məhkəmədə özünü oğurluqda təqsirli bilməyərək əməlini dələduzluq kimi qiymətləndirib. O, 500 manatı Elnurun xəbəri olmadan öz kartına köçürdüyünü etiraf edib. Lakin məhkəmə hesab edib ki, zərərçəkmiş şəxsin telefonunu könüllü verməsi kredit vəsaitinin təqsirləndirilən şəxsin hesabına köçürülməsinə razılıq verməsi demək deyil. Buna görə də onun əməli elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq kimi qiymətləndirilib.
Məhkəmə araşdırması zamanı məlum olub ki, Kənan əvvəllər də oğurluq cinayətlərinə görə Səbail, Salyan və Şirvan məhkəmələrinin hökmləri ilə azadlıqdan məhrum edilib. O, 2026-cı ildə amnistiya aktı əsasında cəzadan azad olunub. Lakin məhkumluğu ödənilmədən yenidən eyni xarakterli cinayət törədib.
Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hökmü ilə Kənan Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, zərərçəkmiş şəxsə vurulmuş 647 manat 50 qəpik ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunub.
Aydın