

Baxır kimin üçün necə, amma mənim zənnimcə, ötən həftənin ən maraqlı hadisələrindən biri də İsrail prezidentinin hökumət formalaşdırmaq üçün Netanyahuya yox, onun əsas rəqibinə – Ayzenkota müraciət etməsi oldu.
Əlbəttə, İsrail siyasətində, xüsusən də indiki Knessetdəki siyasi kombinasiyalardan bir o qədər də xəbərdar deyilik. Amma lap əvvəldən də yazmışıq ki, parlamentdə 19 mandat qazanan ərəb partiyalarının Netanyahuya xüsusi simpatiyası olması çətin ki, mümkün olsun. Onların Ayzenkota necə münasibət bəsləməsindən, hansı sövdələşmələr apardıqlarından (yəhudi siyasətçilər ərəblərin ölkənin idarəçiliyinə cəlb olunmasını istəmirlər) xəbərimiz yoxdur. Bildiyimiz budur ki, gərgin proses gedəcək və ölkənin sərəncamında 100 gün var. Əgər bu müddətdə koalisiya hökuməti qurulmasa, təkrar seçkilərə getmək lazım gələcək.
Həm də bir məsələ bizim üçün qaranlıq qalır: ərəb partiyaları ölkənin üçüncü böyük siyasi vektorudur. Onlarsız koalisiya hökuməti qurmaq üçün gərək hakim partiya öz əsas rəqibi ilə birləşsin. Maraqlısı da budur ki, guya Ayzenkot da deyir ki, onun üçün koalisiya hökumətinin qurulması hökumət başçısı olmaqdan daha önəmlidir...
Əsas məsələ budur ki, İran müharibəsinə yönələn səylərdə daha bir böhran yarandı: İsraildə hökumət qurulmalıdır. ABŞ-da isə yeni Konqres hələ iki aydan sonra, yanvarda fəaliyyətə başlayacaq. Amma elə bu günlərdə ABŞ-ın İrana böyük hücumlar təşkil etdiyi deyildi. Bəlkə Tramp təzə Konqres üçün iki aylıq pauzanı, İsraildə hökumətsizliyi bir şans kimi qiymətləndirir?
Kim bilir? Siyasətdə hər şey olur. İki aydan sonra yeni Konqres də olacaq, İsraildə hökumət də qurulacaq, amma İran müharibəsinin ikinci böyük siyasi qurbanı, deyəsən, Netanyahu olacaq? Əlbəttə, o, parlament üzvüdür, bir də gördün, hətta hökumətdə də vəzifə aldı. Üstəlik, İsrail Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımayıb, amma Netanyahu üçün çətin olacaq: məhkəmələr, jurnalistlər onu addımbaaddım izləyəcək, narahat edəcəklər. Adam qocalığını çox da rahat keçirməyəcək – ən azı!..
Ayzenkot da hərbçi olubdur. Ümumiyyətlə, İsraildə hərbçilər tez-tez hakimiyyətə gəlirlər, çünki bu ölkə daim müharibə aparır. Düşünmürəm ki, yeni hökumətin müharibəyə baxışı kardinal şəkildə dəyişsin, çünki İsraildə hətta adi məktəbli də İranın ölkəsi üçün böyük təhlükə yaratdığını düşünür. Məsələ bundadır. Az qala bir əsrlik müstəqillik ərzində İsrail az qazanmayıb, ən azı bu illər ərzində torpaqlarının bir qarışını belə itirməyib, əksinə, daim ərazilərini genişləndirib. Bəzən də ələ keçirdiyi əlavə torpaqlardan təzyiq, yaxud sövdələşmə predmeti kimi istifadə edibdir.
Ərəb dünyası da illər ərzində dəyişib, artıq İsrailə qarşı əvvəlki kəskin münasibət yoxdur. İndi Xartum sazişinin əvəzinə İbrahim sazişləri gəlir, ərəb dövlətləri Təl-Əvivlə münasibətlərinə yenidən baxmaq istəyirlər. Həm də qocalan ərəb monarxiyalarıdır. Yəhudilər ayaq üstə qalmaq üçün daim passionarlıqlarını artırmalıdırlar. Deyim ki, bu qocaman millət əksər hallarda buna nail də ola bilir. Yəhudilər indi təkcə İsrail deyil, hətta ABŞ deməkdir, eləcə də bir çox başqa aparıcı ölkələrdir. Üstəgəl, iyirmi ərəb ölkəsi bir İsrailə dəyməz. Səbəbi budur ki, yəhudilərin liderləri millətlərini inkişaf etdirmək üçün yuxarı başa keçmək istəyirlər. Ərəblərsə, əksinə. Onlar millətlərini inkişafdan saxlamaq üçün siyasətdə qalırlar. Bəlkə də bu, inandırıcı görünmür. Amma təəssüf ki, belədir. İndi hamı Qəzzafinin necə səxavətli olmasından danışır. Ola bilər. Amma o da həmvətənlilərinin yalnız mədələrinin problemlərini həll etməyə cəhd edirdi. Ye, iç, kef elə və düşünmə! Bu dünyanın başqa işləri haqda fikirləşmə.
Nə isə. Adam bilmir ki, hesabı 60, yoxsa 100 gün götürsün? Ümid edək, daha doğrusu, hesab edək ki, İsraildə hökumət qurmaq böyük müşkülə çevrilməyəcək, hər halda, çıxış yolu tapılacaq. Həm də ABŞ-da, İngiltərədə müsəlmanlar konqresmen, hətta mer seçilirlər. Bəlkə bunlar elə sözün həqiqi mənasında müxtəlif sivilizasiyalar arasında keçilməz sədlərin olması haqqındakı bütün politoloji nəzəriyyələri heçə endirir? Axı hamımız bir planetin sakinləriyik. Bəlkə iqlim dəyişmələri irqləri də tam dəyişəcək və yaxud da qarışdıracaq? Gülməli olsa da, hər halda, belə bir perspektivi də inkar etməyək – bəli, bir də gördün, ağlar qaraldı, qaralar isə ağardı. Əlbəttə, bu, bir zarafatdır...
Hüseynbala Səlimov