Əvvəlki illərdən fərqli olaraq, indi siyasət tamam çılpaqlaşıb, heç kim heç nəyi ört-basdır etmək istəmir, heç bir maskirovka — örtük, kamuflyaj yoxdur. Vaxtilə hamı öz ideologiyasının üstünlüyünü, cazibəsini, cəlbediciliyini göstərmək istəyirdi, indi isə birinci yerdə, öndə maraqlardır — bəyənirsən, bəyən, bəyənmirsən, budur, məsələ budur! Əvvəllər sovet həyat tərzi, sovet dəyərləri, amerikan həyat tərzi və dəyərləri kimi anlayışlar vardı, daha bunlar yoxdur, Rusiya və ABŞ maraqları var...
Bugünlərdə Rusiya prezidenti XİN-də düz 80 dəqiqə danışdı. Köməkçiləri deyirdi ki, prezident Putin çıxışını özü hazırlayıbmış, yəni Rusiya prezidenti tədricən özü ideoloq da olur, daha ona Duqinlər — filankəslər lazım deyil. Üstəgəl, artıq onun dedikləri, düşüncələri ideoloji narrativə çevrilir, prezident özü artıq əvəzedilməz sayılır, hərçənd burada hiyləgər hesab da var: bizi bu bataqlığa Putin salıb, qoy, canı çıxıb özü də bizi bu bataqlıqdan çıxarsın! Amma düşünmürlər ki, hətta bu “missiya” da Putin cənablarına xoşdur.
Bataqlıq isə çox dərin oldu. Hər dəfə amerikalılar danışıqlar üçün Rusiyaya gələndə ümid yaranır ki, bəlkə nəsə alındı. Amma əfsus! Bu, sadəcə, növbəti ilğımdır. Vaxtilə Z. Bjezinski yazırdı ki, Ukraynasız Rusiyanın imperiya ambisiyaları bir heçdir. İndi ruslar bunu inkar etməyə çalışır, neçə il Ukraynasız yaşadıqlarını deyirlər. Amma sual yaranır: bəs onda beş ildir davam edən, yüz minlərlə insanın həyatına son qoyan bu müharibə kimə və nəyə lazımdır? Bəzi rusiyalı ideoloqlar hətta razılaşırlar ki, Ukrayna əhalisinin böyük hissəsi Rusiyanı istəmir, həyatlarını — talelərini onunla bağlamağı arzulamır, amma yenə həmin sual yaranır: bəs bu müharibə nədir?..
Qeyri-rusların suala cavabı sadədir: Rusiya keçmiş imperiyanı bərpa etmək istəyir! Bəziləri Moskvanın hətta növbəti təcavüz ünvanını müəyyən etmək istəyir və Moldovanın adını çəkirlər, çünki o, Kremlin təcavüzü qarşısında daha zəifdir. Amma bizə elə gəlir ki, növbəti müharibə Rusiya üçün bahalı məşğuliyyət olardı. Fəqət, o da var ki, Allahlar insanları cəzalandırmaq istəyəndə əvvəlcə onların ağıllarını alırlar. Həm də hakimiyyət adamları korlayır. İndi Putin özü də inanır ki, əvəzedilməzdir, hətta ola bilsin, Tanrı onun boynuna xüsusi bir missiya qoyub, hərçənd zahirən sakit görünür, Duqin kimi “psixopata” oxşamır, sözləri diqqətlə seçir, məntiqi zəncir qurmağa çalışır.
Amma prezident Putin olmasa da, Rusiya özü də xəstədir. Əgər bu ölkədə sərsəm Jirinovskini milli siyasi mütəfəkkir kimi anırlarsa, başqa nə demək olar? Mən hərdən, təsadüfdən-təsadüfə, hətta Rusiyada yaşayan azərbaycanlılarla söhbət edəndə görürəm ki, Kremlin ideologiyası bunların da beynini zəhərləyib, bunlar da Moskvanın Ukraynadakı təcavüzünə haqq qazandırır və imperiyanın maraqları belə tələb edir deyirlər.
Bəli, imperiyanın maraqları müharibə, qarşıdurmalar istəyir. Amma bu əzabkeş ölkə nə vaxt sadə vətəndaşlarının maraqları əsasında yaşamağa başlayacaq? Nə vaxt bu ölkədə sadə vətəndaşların da maraqları nəzərə alınacaq? “Dözərik”! Bu söz vətəndaşların illərlə ölkədə aparılan siyasətə reaksiyasıdır. Onlar bütün həyatları boyu onu biliblər ki, dözüblər. Bəli, Əfqanıstanda “beynəlmiləl borc” yerinə yetiriləndə onlar dözdülər, indi Ukraynada “xüsusi hərbi əməliyyat” keçirilir və buna da dözürlər, böyük əksəriyyət soruşmur ki, kimə lazımdır bunlar?..
Bütün bunlarınsa bir adı var: sadəcə, putinizm, Putinin kultu, ona az qala pərəstiş. Hamı artıq fikirləşir ki, bu KQB-çi hər şeyi, Rusiyaya nə lazım olduğunu hamıdan yaxşı bilir.
Dəqiq bilmirik, amma gec-tez Rusiya tarixinin bu səhifəsi də çevriləcək, amma insanlara bir suala cavab vermək çox çətin olacaq: qardaş xalqla müharibə kimə lazım idi, bu müharibədə niyə milyonlarla insan həlak olmalı idi? Axı kimə lazım idi bu? Bəlkə Rusiyanın sərvəti, torpağı az idi?..
Hüseynbala Səlimov
Şərhlər