
ABŞ-da keçirilən aralıq seçkilər ölkənin siyasi gündəmini yenidən formalaşdırıb. Respublikaçıların Konqresin hər iki palatasında üstünlüyü itirməsi Donald Trampın bundan sonra necə siyasət yürüdəcəyi, Konqreslə münasibətləri və 2028-ci il seçkilərində kimin namizəd olacağı barədə müzakirələri artırıb. Nəticələr həm də Trampın siyasi dayaqlarının nə qədər güclü olduğunu və seçicilərin onun vədlərinə necə yanaşdığını göstərib.
Bəs respublikaçıların məğlubiyyətinə hansı amillər səbəb oldu? Tramp bundan sonra daha radikal qərarlar verə bilərmi? Yeni Konqres Ağ Evin daxili və xarici siyasətinə hansı məhdudiyyətləri yaradacaq? Baş verənlər ABŞ-ın Rusiya-Ukrayna müharibəsinə və Cənubi Qafqaz siyasətinə təsir göstərə bilərmi?
Qaynarinfo bu sualları politoloq Rauf Mirqədirova ünvanlayıb.
Müsahibəni təqdim edirik:
– Rauf bəy, ABŞ-da aralıq seçkilərinin nəticələri hansı səbəblərdən qaynaqlandı? Bu nəticələri əvvəlcədən gözləmək olardımı?
– Gəlin, sonuncu sualınızdan başlayaq. Ekspertlərin qiymətləndirmələri və ilkin sorğular iki əsas ssenarini mümkün göstərirdi. Birinci ssenariyə görə, Nümayəndələr Palatası demokratların nəzarətinə keçəcək, Senatda isə respublikaçılar az fərqlə üstünlüyü qoruyacaqdılar. Hətta yerlərin 50-50 bölünəcəyi də ehtimal olunurdu. Çünki ABŞ Konstitusiyasına əsasən, belə vəziyyətdə vitse-prezident Senatda həlledici səsə malik olur. Bunun səbəbini anlamaq üçün ABŞ-ın seçki sisteminin bir xüsusiyyətini nəzərə almaq lazımdır. Aralıq seçkiləri iki prezident seçkisi arasında, prezidentin dördillik səlahiyyət müddətinin ortasında keçirilir. Bu zaman Nümayəndələr Palatasının bütün üzvləri, Senatın isə yalnız 1/3-i yenidən seçilir. Məhz buna görə ekspertlər respublikaçıların Senatdakı mövqelərini qoruyub saxlaya biləcəklərini düşünürdülər. İkinci ssenari isə Trampın siyasətindən narazılığın miqyası ilə bağlı idi. Narazılıq o qədər böyük idi ki, Senatın yalnız 1/3-nin seçkilərə qatılmasına baxmayaraq, demokratların hər iki palatada çoxluq qazanması ehtimalı da mövcud idi.
Nəticə etibarilə, demokratlar Nümayəndələr Palatasında böyük üstünlük əldə etdilər. Senatda da çoxluğu təmin etdilər. Beləliklə, hər iki palatada nəzarət respublikaçılardan demokratlara keçdi.

- Bəs bu nəticənin əsas səbəbi nə idi?
- Əslində, aralıq seçkiləri Trampın siyasətinə etimad sınağına çevrilmişdi. O, çıxışlarında demokratların qələbəsinin özü üçün fəlakət olacağını bildirir, seçicilərdən sanki ona səs verirmiş kimi davranmalarını istəyirdi. Lakin nəticələr göstərdi ki, Tramp bu etimadı qazana bilməyib. Seçkilərdən sonra respublikaçıların məğlubiyyətini müxtəlif səbəblərlə izah etməyə çalışdı. Hətta özü namizəd olsaydı, partiyasının daha böyük fərqlə qalib gələcəyini iddia etdi. Ancaq seçkilər həm ABŞ-da, həm də beynəlxalq ictimaiyyətdə Trampa münasibətin göstəricisi kimi qiymətləndirildi. Əslində, seçkiləri respublikaçılardan daha çox Donald Tramp uduzdu.
– Trampın əsas siyasi dayağı hesab olunan MAGA hərəkatı daxilindəki ziddiyyətlər və Respublikaçılar Partiyasındakı parçalanma seçkilərin nəticələrinə nə dərəcədə təsir göstərdi? Bu məğlubiyyət onun partiya daxilindəki liderliyini zəiflədə bilərmi?
– Trampın davranış tərzi də müəyyən rol oynadı. O, aqressiv mövqeyi, onu dəstəkləməyən insanları alçaltması və təhqir etməsi ilə seçilir. Belə davranış müəyyən qruplar tərəfindən rəğbətlə qarşılansa da, bütövlükdə cəmiyyətin dəstəyini qazanmağa kömək etmir. Amma hesab edirəm ki, həlledici amilləri Trampın şəxsi davranışından daha çox onun elektoratında və partiya daxilində baş verən proseslərdə axtarmaq lazımdır. Trampın əsas dayağı MAGA hərəkatı idi. Bu hərəkat ifrat mühafizəkar xristianları, dini və ideoloji baxımdan sərt mövqedə dayanan qrupları birləşdirir. Onlar əxlaq məsələlərinə, dini normalara və doqmatik baxışlara xüsusi əhəmiyyət verirlər. Tramp seçki kampaniyası zamanı Epşteyn dosyelərinin açıqlanacağını və günahkarların ifşa ediləcəyini vəd edirdi. O, özünü məzhəbindən və mənsub olduğu kilsədən asılı olmayaraq, bütün mühafizəkar xristianları birləşdirə biləcək şəxs kimi təqdim edirdi. Lakin hakimiyyətə gəldikdən sonra dosyelərin açıqlanması məsələsində əvvəlki mövqeyindən fərqli davrandı və uzun müddət sənədlərin dərcinə müqavimət göstərdi. Sonradan onların qismən açıqlanması məsələsi gündəmə gəldi. Tramp isə Konqresin hər iki palatasında respublikaçıların üstünlüyündən istifadə edərək öz mövqeyini qorumağa çalışdı. Bu, onun tərəfdarları arasında ciddi narazılıq yaratdı. Hətta Marjori Teylor Qrin kimi tanınmış tərəfdarları etiraz əlaməti olaraq Konqresdəki vəzifələrindən istefa verdilər. Bu, Tramp üçün ciddi siyasi zərbə idi.
Digər tərəfdən, o, Respublikaçılar Partiyasını birləşdirə bilmədi. Partiyada MAGA tərəfdarlarından başqa, neokonservatorlar - yeni mühafizəkarlar da var. Onların dünyaya və siyasi proseslərə baxışları Trampın mövqeyindən fərqlənir. Məsələn, Dik Çeyninin və bu siyasi cərəyanın digər nümayəndələrinin yanaşmaları Trampın siyasəti ilə üst-üstə düşmürdü.
Tramp isə onu birmənalı dəstəkləməyən şəxsləri sıxışdırmağa çalışdı. Nəticədə partiyadaxili parçalanma dərinləşdi və o, öz elektoratının bir hissəsini itirdi. Bunun konkret nümunələrindən biri Texasda yaşandı. Tramp onu tam dəstəkləməyən nüfuzlu respublikaçı senatora qarşı çıxdı və partiyadaxili praymerizdə öz tərəfdarının qalib gəlməsinə nail oldu. Nəticədə həmin senator seçkilərdə məğlub oldu. Halbuki Texas ənənəvi olaraq respublikaçıların güclü mövqeyə malik olduğu ştatdır. Həmin ştatda həm senator, həm də qubernator demokratlardan seçildi. Bu, son 30 ildə ilk belə hadisə idi və ciddi siyasi göstərici hesab olunur.
Beləliklə, Tramp Respublikaçılar Partiyasını birləşdirmək əvəzinə, onun daxilində parçalanmanı dərinləşdirdi. Nəticədə partiya elektoratının bir hissəsinin dəstəyini itirdi.

– Rauf bəy, Tramp hakimiyyətə qayıdarkən iqtisadiyyatı yaxşılaşdırmaq, yanacağı ucuzlaşdırmaq və yeni müharibələrdən yayınmaq kimi vədlər vermişdi. Bu vədlərin yerinə yetirilməməsi onun seçicilər arasındakı nüfuzuna necə təsir göstərdi?
– Respublikaçıların daxili problemləri məsələnin yalnız bir tərəfidir. Seçkilərin nəticələrinə təsir edən başqa mühüm amillər də var. Tramp seçki kampaniyası zamanı Co Baydeni əsasən iki istiqamət üzrə tənqid edirdi. Bunlardan birincisi iqtisadiyyat idi. Onun iddiasına görə, ölkədə iqtisadi vəziyyət çox pis idi və hakimiyyətə gəldikdən sonra bunu dəyişəcəkdi.
Burada bir məqamı nəzərə almaq lazımdır ki, amerikalılar, əsasən, öz gündəlik həyatları ilə maraqlanırlar. Dünyanın digər bölgələrində baş verən hadisələri isə yalnız onların həyatına birbaşa təsir göstərdiyi halda diqqətə alırlar. Əsas məsələ gəlirləri, xərcləri, yaşayış səviyyəsi və gündəlik problemləridir.
Tramp da məhz bu məsələlər üzərindən vədlər verirdi. Yanacağın qiymətini kəskin şəkildə aşağı salacağını bildirirdi. Lakin buna nail ola bilmədi, hətta qiymətləri sabit saxlamaq da mümkün olmadı. İkinci əsas vədi isə ABŞ-ın yeni müharibələrə başlamayacağı ilə bağlı idi. Ancaq sonradan İranla müharibə başladı. Mən burada həmin müharibənin düzgün və ya yanlış olması barədə mülahizə yürütmürəm. Söhbət onun siyasi və iqtisadi nəticələrindən gedir. Müharibənin ən ciddi nəticələrindən biri Trampın onu başa çatdıra bilməməsidir. Bunun səbəbləri ayrıca müzakirə mövzusudur. Ancaq başladığı müharibəni sona çatdıra bilməməsi ABŞ üçün ciddi problemlər yaratdı. İranla yanaşı, Fars körfəzi ölkələri də dünya enerji bazarında mühüm paya malikdir. Buna görə də regionda yaranan gərginlik qlobal bazarlara, o cümlədən ABŞ-a təsir göstərir. Nəticədə neftin və yanacağın qiyməti artır.
Son dövrlərdə ABŞ-da dizel yanacağının qiyməti də ən yüksək göstəricilərdən birinə çatıb. Bu, ciddi problemə çevrilib.
Seçicilər isə haqlı olaraq belə düşünürlər ki, sən seçkiyə gedərkən müharibə olmayacağını vəd edirdin. İndi isə müharibə başlayıb, üstəlik, onun səbəblərini cəmiyyətə aydın şəkildə izah edə bilmirsən. ABŞ əvvəllər də müharibələr aparıb. Əfqanıstan və İraq hadisələrini xatırlasaq, görərik ki, Vaşinqton həmin əməliyyatların səbəblərini izah etməyə, beynəlxalq koalisiyalar yaratmağa çalışırdı. Bu müharibələrin haqlı və ya haqsız olması başqa məsələdir. Əsas məqam ABŞ-ın təkbaşına hərəkət etmədiyini, beynəlxalq tərəfdaşlarla birlikdə qərar verdiyini nümayiş etdirməyə çalışması idi. Hətta Əfqanıstanda NATO koalisiyasının tərkibində fəaliyyət göstərirdi.
İndiki vəziyyətdə isə fərqli mənzərə yarandı - ABŞ əvvəlcə hücuma keçdi, sonra digər ölkələrdən yardım istəməyə başladı. Həmin ölkələr də haqlı olaraq soruşdular ki, müharibəyə başlayarkən bizimlə məsləhətləşmişdinmi?
İran məsələsi, əlbəttə, ayrıca problemdir. Amma burada daha fundamental bir prinsip var. Böyük dövlətin, xüsusilə supergücün hərbi qüdrəti rəqibləri üçün çəkindirici amil olmalıdır. Bu güc rəqibləri həmin dövlətlə hesablaşmağa məcbur etməlidir. Əgər hərbi qüdrət çəkindirici rol oynamırsa və sən güc tətbiq etməyə başlayırsansa, başladığın işi sona çatdırmalısan. Demək istədiyim budur ki, müharibəni başa çatdıra bilməməsi ABŞ-ın supergüc kimi nüfuzuna ciddi zərbə vurdu. Trampın “Amerika hər şeydən üstündür”, “Amerikanı yenidən qüdrətli edək, dünyanın ən güclü dövlətinə çevirək” şüarlarını dəstəkləyən geniş elektoratı var. Onların arasında sağ mühafizəkar və ifrat mühafizəkar qruplar da mövcuddur. Bu elektoratın bir hissəsi dünyada baş verən hadisələrə “Bizə nə dəxli var?” mövqeyindən yanaşır.
Trampın İsrailə dəstəyinin MAGA elektoratının müəyyən hissəsində narazılıq yaratması da diqqətəlayiqdir. Çünki bu hərəkatın bəzi ifrat mühafizəkar xristian çevrələrində antisemit baxışlar mövcuddur. Onların dini təsəvvürlərində yəhudilərə qarşı mənfi münasibət özünü göstərir. Bu baxımdan, Trampın İsrailə verdiyi dəstək həmin elektoratın bir hissəsi tərəfindən birmənalı qarşılanmırdı.
Nəhayət, digər mühüm amil iqtisadi vəziyyət idi. Bir daha qeyd edim ki, amerikalılar ilk növbədə öz həyat şəraitlərini əsas götürürlər. Trampın gömrük tarifləri ilə bağlı siyasəti də ciddi nəticələr doğurdu. Gömrük rüsumlarını artırmaq mümkündür, lakin bunun ABŞ-ın iqtisadi maraqlarına uyğun olub-olmaması başqa məsələdir. Təsəvvür edin, idxal olunan mallara tətbiq edilən tarifləri artırırsan. Amma bu, həmin məhsulların ölkə daxilində istehsalını avtomatik təmin etmir. ABŞ-da bu malların kifayət qədər alternativi yoxdursa və idxalı yerli istehsalla əvəz etmək mümkün deyilsə, nəticədə daxili bazarda qiymətlər yüksəlir.
Üstəlik, yerli istehsalın xərcləri də artır. Çünki hazır məhsulun istehsalında istifadə olunan xammalın, avadanlıqların, ehtiyat hissələrinin və digər komponentlərin bir hissəsi xaricdən gətirilir. Nəqliyyat xərcləri də qiymətlərə təsir göstərir. Bütün bunlar geyimdən tutmuş gündəlik tələbat mallarına qədər müxtəlif məhsulların bahalaşmasına səbəb olur. Nəticədə insanların cibinə birbaşa zərbə dəyir.
– İmmiqrasiya siyasəti də ABŞ cəmiyyətində narazılığın artmasına səbəb olan amillərdən biri kimi göstərilir. Bu siyasət seçkilərin nəticələrinə necə təsir etdi?
– İqtisadi amillərlə yanaşı, ciddi siyasi səbəblər də var. Bildiyiniz kimi, ABŞ immiqrantlar ölkəsidir. Əlbəttə, əvvəlki immiqrantların yeni gələnlərə münasibəti həmişə birmənalı olmayıb. Bəziləri hesab edir ki, yeni gələnlər onların iş yerlərini tutur, mövcud imkanlardan istifadə edirlər. Lakin burada əsas məsələ Tramp administrasiyasının immiqrasiya siyasəti və mühacirlərə münasibəti idi. Bu siyasət müəyyən etnik və dini qruplara qarşı nifrətin artmasına, zorakılıq hallarının genişlənməsinə gətirib çıxardı. İnsanlar baş verənləri gördükcə ciddi narahatlıq keçirirdilər. İmmiqrasiya polisi əməkdaşlarının iştirak etdiyi əməliyyatlar zamanı afroamerikalıların da öldürülməsi halları qeydə alınmışdı. Bu hadisələr cəmiyyətin müəyyən hissəsində ciddi narazılıq yaratdı. Xüsusilə ənənəvi olaraq respublikaçıların güclü olduğu cənub ştatlarında yaşayan Latın Amerikası mənşəli, ispandilli, müsəlman və digər etnik-dini azlıqlar arasında Trampın nüfuzu zəiflədi. Maraqlı məqamlardan biri də Trampın əvvəllər dəstəklədiyi hindistanəsilli siyasətçi Vivek Ramasvaminin sonradan məğlubiyyətlə üzləşməsi oldu. O, Trampın dəstəyinə baxmayaraq, öz ştatında qubernator seçkilərində qalib gələ bilmədi. Ümumilikdə, etnik və dini azlıqların nümayəndələri demokrat namizədlərə ciddi dəstək verdilər. Bu qrupların Konqresdə təmsilçiliyi də genişlənəcək və onların mühüm bir hissəsi demokratların hesabına qanunverici orqana daxil olacaq.
– Rauf bəy, yeni Konqres fəaliyyətə başlayana qədər Trampın daha radikal qərarlar qəbul etməsi ehtimalı varmı? Respublikaçıların mövqelərini itirməsi Ağ Evin siyasi manevr imkanlarını məhdudlaşdıra bilərmi?
– Nəzərə alaq ki, yeni Konqres fəaliyyətə başlayana qədər indiki tərkib fəaliyyətini davam etdirəcək. Halbuki respublikaçıların hər iki palataya nəzarət etdiyi dövrdə də Tramp bəzi məsələlərdə partiyadaşlarının dəstəyini qazana bilmirdi. Hətta Senatda onun əleyhinə çıxış edən respublikaçı senatorlar da olurdu. Həmin dövrdə Tramp Respublikaçılar Partiyasına ciddi təsir imkanlarına malik idi. Növbəti seçkilər ərəfəsində namizədlərin onun dəstəyinə ehtiyacı vardı. MAGA qrupları fəal idi və Tramp bir çox məsələdə məhz onların dəstəyinə arxalanırdı. Onu dəstəkləməyən namizədləri isə partiyadaxili mübarizədən kənarlaşdırmağa çalışırdı. İndi isə həmin şəxslərin bir qismi Konqresdə təmsil olunur. Demokratlar da seçkilərin nəticələrindən sonra daha arxayın davranacaq və Trampa qarşı sərt mövqelərini gücləndirəcəklər. Tramp isə qarşıda onu tamamilə fərqli tərkibli Konqresin gözlədiyini anlayır. O, bu Konqreslə işləməli və prezidentlik müddətini başa çatdırmalıdır. Yəni hər iki palatasına demokratların nəzarət etdiyi qanunverici orqanla razılığa gəlmək məcburiyyətində qalacaq.
Təbii ki, Tramp yeni Konqres fəaliyyətə başlayana qədər öz maraqlarına uyğun qərar və qanunları qəbul etdirməyə çalışacaq. Ancaq bunların hamısına nail olacağına əmin deyiləm.
Bir məqamı da nəzərə almaq lazımdır ki, indiki Konqresdən keçirilən qərarlar yeni tərkib fəaliyyətə başladıqdan sonra yenidən nəzərdən keçirilə, ləğv oluna və ya məhkəmə mübahisəsinə çevrilə bilər.
ABŞ-ın siyasi sistemi kifayət qədər mürəkkəbdir. Prezidentin qərarlarından məhkəmələrə şikayət etmək mümkündür. Prezidentin impiçmenti mürəkkəb prosedur olsa da, hökumət üzvlərinin məsuliyyətə cəlb edilməsi məsələsi də gündəmə gələ bilər. Bundan başqa, yeni hökumət üzvlərinin təyinatı üçün Senatın təsdiqi tələb olunur. Demokratların Senatda üstünlük qazanması bu prosesi də çətinləşdirə bilər.
Beləliklə, siyasi qarşıdurmanın dərinləşəcəyi ehtimalı böyükdür. Əsas məsələ isə bu qarşıdurmanın hansı nəticələrə gətirib çıxaracağıdır.
– Demokratların hər iki palatada üstünlük əldə etməsi prezidentlə Konqres arasında institusional qarşıdurmanı hansı səviyyəyə çatdıra bilər? Yeni siyasi reallıq Trampın daxili siyasətinə necə təsir edəcək?
– Əvvəlcə yeni Konqresin fəaliyyətə başlamasından sonra Trampın prezidentlik müddətinin sonunadək - 2029-cu il yanvarın 20-dək - daxili və xarici siyasətdə hansı dəyişikliklərin baş verə biləcəyinə baxmaq lazımdır. 2028-ci ilin noyabrında növbəti prezident seçkiləri keçiriləcək. Bu baxımdan, Tramp administrasiyasının, xüsusilə Rusiya-Ukrayna müharibəsi və İranla bağlı siyasətində mümkün dəyişikliklər də diqqət çəkir.
İlk növbədə, ABŞ-da hakimiyyət bölgüsünün necə işlədiyini anlamaq lazımdır. Xarici siyasətin əsas istiqamətlərini müəyyənləşdirmək prezidentin səlahiyyətlərinə daxildir. Bununla belə, Konqres qanunvericilik aktları və büdcə vasitəsilə prezidentin fəaliyyətinə müəyyən məhdudiyyətlər qoya bilər.
Büdcədə dövlət xərcləri müəyyənləşdirilir, onun tərkibinə isə hüquqi qüvvəyə malik müxtəlif müddəalar daxil edilir. Prezidentin büdcə də daxil olmaqla, qanunlara veto qoymaq hüququ var. Belə hallarda Konqresdə razılaşdırma prosesi gündəmə gəlir. Bu prosesdə Senat və Nümayəndələr Palatasının nümayəndələri iştirak edir. Yeni siyasi tərkibdə isə demokratların mövqeyi daha güclü olacaq.

Nəzəri baxımdan prezident büdcəyə veto qoyaraq onun qəbulunu əngəlləyə bilər. Ancaq bu, praktikada uzun müddət davam etdirilməsi çətin olan addımdır. Çünki büdcə təsdiqlənməlidir. Əks halda, dövlət qurumlarının və hökumət strukturlarının normal fəaliyyəti pozula bilər.
Bəzi hallarda dövlət xərclərinin müvəqqəti maliyyələşdirilməsi üçün qısamüddətli qərarlar qəbul edilir. Lakin büdcə ilə bağlı razılıq əldə olunmasa, hökumətin fəaliyyəti qismən dayana bilər. ABŞ-da bu vəziyyət “şatdaun” adlanır.
Hökumətin fəaliyyətinin dayanması səhiyyə, polis, nazirliklər və digər dövlət qurumlarına təsir göstərir, dövlət qulluqçularının maaşlarının ödənilməsini problemə çevirir. ABŞ tarixində belə hallar dəfələrlə yaşanıb. Buna görə büdcə məsələsi prezident üçün olduqca həssasdır.
Trampın belə bir vəziyyətin uzun müddət davam etməsində maraqlı olacağını düşünmürəm. Çünki qarşısında demokratların üstünlük təşkil etdiyi Konqres olacaq.
Seçkilərdən əvvəl Tramp demokratlarla mübarizə aparacağını, onların qərarlarına veto qoyacağını bildirirdi. Hətta bu barədə simvolik görüntülər də paylaşmışdı. Lakin seçkilərdən sonra onlarla dil tapmağa çalışacağını bəyan etdi. Çünki dövlət qulluqçularının maaşları ödənilməsə, yaranmış vəziyyətə görə hakimiyyət məsuliyyət daşıyacaq. Demokratlar da bunu Trampa qarşı siyasi arqumentə çevirə bilərlər. Bu isə Respublikaçılar Partiyasına ciddi zərbə vurar.
Digər tərəfdən, respublikaçıların hamısı Rusiyaya Trampın yanaşdığı kimi münasibət bəsləmir. Partiya daxilində bu məsələdə fərqli mövqelər var. Deməli, onun Rusiya siyasətinə qarşı çıxanlar arasında təkcə demokratlar deyil, respublikaçılar da ola bilər.
– Respublikaçılar üçün Trampın siyasi yükündən uzaqlaşmaq və 2028-ci il prezident seçkilərinə yeni liderlə qatılmaq daha sərfəli ola bilərmi? Aralıq seçkilərin nəticələri partiya daxilində Trampdan sonrakı dövrün müzakirəsini sürətləndirə bilərmi?
– Əvvəl iki mümkün ssenaridən danışmışdım. Respublikaçılar Senat üzərində nəzarəti qoruyub saxlasaydılar, Tramp özünü daha rahat hiss edəcəkdi. Partiya daxilində nüfuzunu qoruyacaq, Nümayəndələr Palatasında hakim partiyanın məğlubiyyətini ənənəvi hal kimi təqdim edə biləcəkdi. Eyni zamanda, büdcə məsələlərində yaranan fikir ayrılıqlarından siyasi manevr imkanı kimi istifadə edəcəkdi.
İndiki nəticələr respublikaçılar üçün ciddi məğlubiyyət olsa da, partiyaya Trampın siyasi yükündən uzaqlaşmaq imkanı da yarada bilər.
Bu baxımdan, Riçard Niksonun prezidentliyi dövründəki Uotergeyt qalmaqalını xatırlatmaq yerinə düşər. Həmin vaxt respublikaçıların Niksonun impiçmentinə mane olmaq imkanları vardı. Lakin partiya rəhbərliyi onu müdafiə etməkdə davam etməyin növbəti seçkilərdə ağır siyasi itkilərə səbəb ola biləcəyini anladı. Nəticədə Niksona dəstəyi geri çəkdilər və o, istefa verməyə məcbur oldu.
Trampın da hüquqi və siyasi problemləri var. Epşteyn dosyeləri ətrafındakı müzakirələr, ailəsi ilə bağlı korrupsiya və maliyyə iddiaları, sərvətinin mənşəyi barədə suallar yenidən gündəmə gələ bilər.
Demokratlar Konqresdə çoxluq qazandıqdan sonra bu məsələlərlə bağlı araşdırmalar və açıq dinləmələr təşkil etməyə çalışacaqlar. Administrasiyanın yüksək vəzifəli şəxsləri, hökumət üzvləri Konqres qarşısında ifadə verməyə çağırıla bilərlər. ABŞ-da Konqres qarşısında and içərək bilərəkdən yalan məlumat vermək cinayət məsuliyyəti yaradır. Bu da həmin şəxslərin manevr imkanlarını məhdudlaşdırır.
İstisna etmirəm ki, respublikaçılar Trampın liderliyi ilə növbəti seçkilərə qatılmağın partiya üçün sərfəli olmadığı qənaətinə gəlsinlər. Uzunmüddətli siyasi maraqlarını nəzərə alaraq, onun yükünü daşımaqdansa, müəyyən məsələlərdə demokratlarla razılaşıb Trampdan uzaqlaşmağa üstünlük verə bilərlər.
Belə olan halda, respublikaçılar 2028-ci il seçkilərinə yeni lider və fərqli siyasi obrazla qatıla bilərlər. Məncə, bu ssenari də mümkündür.
Ona görə də Trampın prezidentlik səlahiyyətləri davam etsə belə, əvvəlki kimi sərbəst hərəkət edə biləcəyini düşünmək doğru olmaz. Səlahiyyətləri qalacaq, amma onlardan istifadə imkanları xeyli məhdudlaşa bilər.
Günay İlqarqızı