
Abşeron rayonunda fəhlə işlədiyi evdən 14 min ABŞ dolları oğurlayan şəxsə hökm oxunub.
Qaynarinfo xəbər verir ki, 1992-ci ildə Abşeron rayonunda anadan olan K.L. Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi (xeyli miqdarda ziyan vurmaqla oğurluq) ilə təqsirli bilinib.
Məhkəmə materiallarına görə, hadisə 2026-cı ildə baş verib. K.L. yükdaşıma fəaliyyəti ilə məşğul olub. Hadisə günü Nüsrət adlı şəxs ona zəng edərək evindəki soyuducu, paltaryuyan maşın və dolabın başqa mənzilə daşınmasını istəyib.
K.L. tanışı Röyalla birlikdə ünvana gələrək əşyaları maşına yükləyib. Soyuducunu yerindən tərpədərkən onun arxasında gizlədilmiş sellofan paketə rast gəlib. Paketin içərisindəki 14 min dolları götürərək cibinə qoyub.
Əşyaları təhvil verdikdən sonra pulu sayan K.L. onun 14 min dollar olduğunu müəyyən edib. Pulların 8700 dollarını saxlayıb, 5300 dollarını isə müxtəlif yerlərdə manata dəyişib.
Axşam saatlarında Nüsrət pulun yoxa çıxdığını aşkar edərək K.L.-yə zəng vurub. Oğurluq etdiyini etiraf edən şəxs həmin gecə Nüsrətə 7500 dollar və 7993 manat qaytarıb. Sonradan çatışmayan məbləğdən daha 1000 manat da ödənilib. Qalan 2000 manat isə istintaq zamanı Bakı Şəhər Baş Polis İdarəsinin depozit hesabına yerləşdirilib.
Məhkəmədə K.L. əməlindən peşman olduğunu bildirib. Nüsrət də onunla barışdığını, şikayət və tələbinin olmadığını deyib.
Məhkəmə onun əvvəllər məhkum olunmamasını, zərərçəkmişlə barışmasını və dəymiş ziyanın ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb.
Nəticədə K.L.-yə 2 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. İstintaq dövründə 2 gün həbsdə saxlanıldığı üçün cəza müddəti hesablanaraq 2 il 8 ay 26 gün müəyyənləşdirilib.
Hökmə əsasən, o, saat 23:00-dan səhər 07:00-dək yaşayış yerini tərk edə bilməz. Həmçinin elektron nəzarət vasitəsi gəzdirməli, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazisini tərk etməməli, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişməməlidir.
Depozit hesabına yerləşdirilmiş 2000 manatın hökm qanuni qüvvəyə mindikdən sonra Nüsrətə qaytarılması da qərara alınıb.
Aydın