Xəbər lenti

İstanbulda gizli evə basqın: İş adamına sui-qəsdin qarşısı alındı (FOTO)
Dünya11:46 05.11.2026

İstanbulda gizli evə basqın: İş adamına sui-qəsdin qarşısı alındı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin İstanbul şəhərində tanınmış iş adamına qarşı sui-qəsd hazırlığında olduğu iddia edilən 4 şübhəli saxlanılıb. Polis əməliyyat zamanı onların gizli məskunlaşdığı evdən avtomat silah və tapança da daxil olmaqla xeyli sayda döyüş sursatı götürüb.

Qaynarinfo xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

İstanbul Polis İdarəsinin İctimai Asayiş Şöbəsinin əməkdaşları Kağıthane və Eyüpsultan rayonlarında müxtəlif vaxtlarda baş verən hadisələrlə bağlı apardıqları araşdırma zamanı şübhəlilərin istifadə etdiyi gizli evi müəyyən ediblər. Kağıthane rayonunda yerləşən ünvana keçirilən əməliyyat nəticəsində B.A., S.D., T.İ. və A.E. saxlanılıb.

Evdə aparılan axtarış zamanı bir ədəd AK-47 avtomatı, ona məxsus üç daraq və 50 ədəd 7,62 millimetrlik patron, həmçinin bir ədəd qanunsuz 9 millimetrlik tapança, iki daraq və 71 patron aşkarlanıb.

Araşdırma zamanı şübhəlilərin sui-qəsd məqsədilə başqa şəhərlərdən İstanbula gəldikləri və kirayələdikləri evdə hücuma hazırlaşdıqları iddia olunub. Hədəfdə isə iş dünyası ilə yanaşı, idman, incəsənət və ictimaiyyət nümayəndələri arasında da tanınan bir iş adamının olduğu bildirilir. Onun kimliyi açıqlanmayıb.

Saxlanılan şəxslərin əvvəllər də müxtəlif cinayətlərdə şübhəli bilindikləri məlum olub. Onlardan birinin axtarışda olduğu, digər üç nəfərin isə bir neçə axtarış qeydinin olduğu müəyyənləşdirilib. Həmin şəxslərin üzərində ümumilikdə çoxsaylı cinayət qeydləri və illərlə ölçülən qüvvəyə minmiş həbs cəzaları olduğu bildirilir.

Faktla bağlı araşdırma davam etdirilir.

Aydın