
1977-ci ildə NASA tərəfindən kosmosa göndərilən “Voyacer-1” zondu noyabrın 18-də Yerdən bir işıq günü məsafəsinə çatacaq. Bu, aparatla Yer arasındakı məsafənin təxminən 25,9 milyard kilometrə yüksəlməsi deməkdir. Beləliklə, zonddan göndərilən siqnalın Yerə çatması, eləcə də ona göndərilən əmrin aparata yetişməsi təxminən 24 saat çəkəcək. Nəticədə ən sadə məlumat mübadiləsi belə iki gün davam edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə “Adevarul” portalı məlumat yayıb.
NASA-nın məlumatına görə, “Voyacer-1” saatda təxminən 61 min 155 kilometr sürətlə hərəkət edir. İşıq isə saniyədə təqribən 300 min kilometr məsafə qət edir. Bir işıq günü işığın 24 saat ərzində keçdiyi məsafəni ifadə edir.
Təxminən yarım əsrdir fəaliyyət göstərən zondun missiyasını uzatmaq üçün NASA mühəndisləri bu yaxınlarda onun enerji sərfiyyatını azaltmağa yönəlmiş mühüm əməliyyat həyata keçiriblər. “Böyük partlayış” adlandırılan prosedur çərçivəsində aparatdakı üç qurğu daha az elektrik enerjisi istifadə edən alternativ sistemlərlə əvəzlənib. Bu dəyişiklik zondun elmi cihazlarının daha uzun müddət işləməsinə imkan yaratmalıdır.
“Voyacer-1” və onun əkiz aparatı “Voyacer-2” radioaktiv plutoniumun parçalanması nəticəsində yaranan istiliyi elektrik enerjisinə çevirən generatorlardan istifadə edir. Lakin bu generatorların gücü hər il təxminən 4 vatt azalır. Buna görə də NASA enerji ehtiyatlarına qənaət etmək məqsədilə artıq zəruri olmayan bəzi sistemləri mərhələli şəkildə söndürür.
Aparatla əlaqə oktyabrın 20-də bərpa edilsə də, mühəndislər onun mühərrik sistemlərindən birinin söndüyünü və zondun avtomatik olaraq ehtiyat sistemi işə saldığını müəyyən ediblər. Hadisənin dəqiq səbəbi hələ araşdırılır. Missiyanın rəhbəri Kərim Bədruddin bildirib ki, bu, zondun belə davranışının ilk müşahidə olunan halıdır və aparatın yaşının nəzərə alınması gözlənilməz texniki problemlərin yaranma ehtimalını artırır.
“Voyacer-1”in bir işıq günü məsafəsinə çatması kosmik tədqiqatlar tarixində mühüm mərhələ hesab olunur. Bu hadisə həm də Yerdən milyardlarla kilometr uzaqda fəaliyyət göstərən aparatla əlaqə saxlamağın nə qədər mürəkkəb olduğunu nümayiş etdirir.
Aydın