
Monteneqro və Albaniya sosial şəbəkələrdə Rusiyaya aid olduğu iddia edilən dezinformasiya kampaniyalarına qarşı mübarizə aparmaq üçün NATO-dan dəstək istəyib. Hər iki ölkənin müdafiə naziri alyansdan bu istiqamətdə kömək göstərə biləcək ekspertlərin göndərilməsini xahiş edib.
Qaynarinfo xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Monteneqronun müdafiə naziri Draqan Krapoviç və Albaniyanın müdafiə naziri Ermal Nufi sosial şəbəkələrdə yayılan bəzi məlumatların Balkanlarda sabitliyi pozmağa yönəldiyini iddia ediblər.
Krapoviçin sözlərinə görə, Rusiya Qərbi Balkan ölkələrindəki cəmiyyətlərin həssas məqamlarından istifadə etməyə hesablanmış informasiya kampaniyaları həyata keçirir.
Ermal Nufi isə bildirib ki, son bir ildə Albaniyada nifrət və qəzəbi təşviq edən sosial şəbəkə kampaniyalarının sayı artıb. Nazir bu fəaliyyətlərin arxasında Rusiya ilə dolayı əlaqəsi olduğu ehtimal edilən bəzi təşkilatların dayandığını iddia edib.
O, NATO-nun məsələyə daha ciddi yanaşmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, son vaxtlar NATO və Avropa rəsmiləri də informasiya təhlükəsizliyi məsələsini gündəmə gətirirlər. Alyansın Hərbi Komitəsinin keçmiş rəhbəri admiral Rob Bauer oktyabrda NATO-nun kiberməkanda və dezinformasiya sahəsində Rusiya ilə faktiki qarşıdurma vəziyyətində olduğunu bildirmişdi.
Həmin ay Polşanın rəqəmsallaşma naziri Kşiştof Qavkovski sosial şəbəkələri Rusiyanın “rəqəmsal müharibədə” səssiz müttəfiqləri adlandırmışdı. Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas isə Rusiyaya qarşı sanksiyaların informasiya manipulyasiyası ilə əlaqəli infrastrukturu da əhatə etməsini təklif etmişdi.
Aydın