
Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib.
Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib.
İddiaçı bildirib ki, klinikada üst çənəsinə 5, alt çənəsinə isə 4 implant qoyulması, onların üzərinə ümumilikdə 26 keramika diş hazırlanması barədə razılıq əldə edib. Bu məqsədlə əvvəlcədən 6400 manat ödəsə də, tibbi xidmət tam və lazımi qaydada göstərilməyib. Onun sözlərinə görə, müalicəni həyata keçirən Tural Əhməd adlı həkim işi başa çatdırmayıb.
İlqar Mustafayev klinikanın rəhbəri Gövhər Mustafayevaya müraciət etdikdən sonra problemin 12 gün ərzində həll ediləcəyinə söz verildiyini, lakin nəticənin dəyişmədiyini bildirib. O, həmçinin həkimin icazə sənədi olmadığına görə klinikadan uzaqlaşdırıldığını iddia edib.
Məhkəmə-tibbi ekspertizasının rəyində müəyyən edilib ki, pasiyentin alt çənəsində 4, üst çənəsində isə 5 implant yerləşdirilib. Lakin ortopedik konstruksiyalar optimal hazırlanmayıb, implantların yerləşdirilməsi və protezləmə mərhələsində texniki çatışmazlıqlar olub. Müalicə tam başa çatmayıb, konstruksiyalar funksional və texniki baxımdan qənaətbəxş hesab edilməyib.
Ekspertlər implantların çıxarılmasını tələb edən cərrahi ağırlaşma müəyyən etməsələr də, mövcud protezlərin yenidən hazırlanmasını və implantoloji reabilitasiyanın tamamlanmasını tövsiyə ediblər.
Səbail Rayon Məhkəməsi iddianı qismən təmin edib. Qərara əsasən, “Esthederm Dental” klinikasının sahibi olan “Esthederm Medical” MMC-dən İlqar Mustafayevin xeyrinə 6200 manat, dövlət rüsumunun əvəzi kimi isə 82 manat, ümumilikdə 6282 manat tutulmalıdır.
Qeyd edək ki, “Esthederm Medical” MMC-nin nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Gövhər Maksim qızı Mustafayevadır. Hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Salyan döngəsi 2, ev 11A-dır.
Aydın