Xəbər lenti

Demokratlar Nümayəndələr Palatası və Senata nəzarəti ələ keçirdi
Dünya11:40 04.11.2026

Demokratlar Nümayəndələr Palatası və Senata nəzarəti ələ keçirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-da keçirilən aralıq seçkilərin ilkin nəticələrinə əsasən, Demokratlar Partiyası Konqresin hər iki palatasında üstünlük əldə edib. Nəticələr Respublikaçılar Partiyasının nümayəndəsi olan prezident Donald Trampın siyasi gündəliyi baxımından Konqresdə qüvvələr nisbətinin dəyişdiyini göstərir.

Qaynarinfo xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, ölkənin 41 ştatında səsvermə başa çatdıqdan sonra səslərin hesablanmasına başlanılıb. İlkin nəticələrə əsasən, Nümayəndələr Palatasında demokratlar 219, respublikaçılar isə 123 mandat qazanıblar. Senatda isə demokratlar 53, respublikaçılar 41 yer əldə ediblər.

Beləliklə, demokratlar 100 yerlik Senatda çoxluğu təmin edərək palataya nəzarəti ələ keçiriblər. Onlar Texas, Şimali Karolina, Cənubi Karolina, Ohayo, Kanzas və Ayova ştatlarında respublikaçıların tutduğu senator yerlərini geri almağa nail olublar.

Seçkilərdə bir sıra tarixi nəticələr də qeydə alınıb. Kanzasda demokratlar 94 ildən sonra ilk dəfə Senat seçkisində qalib gəliblər. Texasda isə 1988-ci ildən bəri ilk dəfə demokrat namizəd senator seçilib. Meyn ştatında Troy Jackson beş müddətdir vəzifədə olan respublikaçı senator Syuzan Kollinsi məğlub edib.

Nümayəndələr Palatasında demokratların çoxluğu təmin etməsi ilə Hakim Ceffriesin palatanın spikeri vəzifəsinə gələcəyi bildirilir. Bu halda o, ABŞ tarixində həmin vəzifəni tutan ilk qaradərili şəxs olacaq.

Seçkilərdə azlıqların təmsilçiliyi baxımından da diqqətçəkən nəticələr əldə edilib. Nyu-Cersidə Demokrat Partiyasının namizədi Adam Hamawy ştat tarixində Nümayəndələr Palatasına seçilən ilk müsəlman olub. Texasda Gina Hinojosa ilk latınamerikalı qadın qubernator, Nyu-Meksikoda isə Deb Haaland ştatın ilk yerli xalq mənsubu qadın qubernatoru seçilib.

ABŞ prezidenti Donald Tramp isə seçkilərin ilkin nəticələrinə münasibət bildirərək nəticələri qəbul etməyə hazır olduğunu deyib. O, sosial şəbəkədəki paylaşımında özünün namizədlər sırasında yer alacağı təqdirdə seçkiləri böyük fərqlə qazanacağını iddia edib.

Tramp “New York Times” nəşrinə açıqlamasında demokratlarla əməkdaşlığa hazır olduğunu da bildirib. O, tərəflərin ortaq həll yolları tapa biləcəyini qeyd edib.

Aydın