Xəbər lenti

İnsan fəaliyyəti növbəti buzlaşma dövrünü yüz minlərlə il gecikdirə bilər
Dünya19:50 03.11.2026

İnsan fəaliyyəti növbəti buzlaşma dövrünü yüz minlərlə il gecikdirə bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İnsanların fəaliyyəti nəticəsində yaranan qlobal istiləşmə Yer kürəsində növbəti buzlaşma dövrünün başlanmasını dayandırmış ola bilər. Alimlərin fikrincə, təbii soyuma prosesi min illər ərzində davam etsə də, son onilliklərdə temperaturun sürətlə artması buz örtüyünün genişlənməsini qəfil dayandırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə “IFL Science” nəşri “Science” jurnalında dərc olunan yeni tədqiqata istinadən məlumat yayıb.

Tədqiqatçılar bildirirlər ki, Yer kürəsi texniki baxımdan hələ də buzlaşma dövründədir. Təxminən 34 milyon il əvvəl başlayan bu geoloji mərhələdə Antarktida və Qrenlandiyada daimi buz örtükləri mövcuddur. Bu dövr ərzində planet daha soyuq buzlaşma və nisbətən isti buzlaqlararası mərhələlərdən keçir.

Araşdırmaya əsasən, təxminən 2 min il əvvəl Arktikadakı buz örtükləri yenidən genişlənməyə başlayıb. Bu, növbəti soyuma mərhələsinin başlanğıcı kimi qiymətləndirilir. Alimlər Şimali Amerikada vaxtilə geniş əraziləri əhatə edən Lavrentiya buz örtüyünün dəyişməsini araşdıraraq bu nəticəyə gəliblər.

Tədqiqat zamanı Kanadanın Nunavut ərazisində, Baffin adasında yerləşən Barns buz örtüyünün altında qorunub qalmış bitki qalıqları öyrənilib. Bundan başqa, süxurlarda günəş işığının təsiri ilə yaranan radioaktiv berillium-10 izotopunun miqdarı ölçülüb. Bu göstəricilər vasitəsilə buzlaqların nə vaxt geri çəkildiyini və torpağın nə zaman üzə çıxdığını müəyyənləşdirmək mümkün olub.

Nəticələr göstərib ki, buz örtüyü təxminən 3 min il əvvəl ən kiçik həddə çatıb, min il sonra isə iqlimin nisbətən soyuması ilə yenidən genişlənməyə başlayıb. Hətta 60 il əvvələ qədər buz örtüyünün artımı davam edib. Lakin temperaturun yüksəlməsi bu prosesi kəskin şəkildə dayandırıb.

Növbəti buzlaşma nə vaxt başlaya bilər?

Alimlər hesab edirlər ki, iqlim dəyişikliyi növbəti buzlaşma dövrünü yüz minlərlə il təxirə sala bilər. Bununla belə, gələcəkdə qalıq yanacaqlardan asılılığın azaldılması iqlim sisteminin təbii tarazlığa qayıtmasına imkan yarada bilər. Lakin prosesin necə nəticələnəcəyi hələ də qeyri-müəyyəndir.

Viskonsin-Medison Universitetinin alimi Şon Markottun sözlərinə görə, insan artıq milyonlarla il davam edən təbii buzlaşma dövrlərinə təsir göstərə bilən geoloji amilə çevrilib. Onun fikrincə, gələcək buzlaşma mərhələlərinin baş verməməsi Yer kürəsinin son iki milyon illik geoloji tarixində ciddi dəyişiklik olacaq və buzlaşma dövrləri ilə birlikdə inkişaf etmiş bioloji və fiziki sistemlərə də təsir göstərəcək.

Beləliklə, tədqiqat insan fəaliyyətinin yalnız müasir iqlimi deyil, planetin uzunmüddətli geoloji proseslərini də dəyişdirə biləcəyini göstərir.

Aydın