
Sosial şəbəkələrdə aşağı faizlə və asan şərtlərlə kredit təklif edən saxta elanlar daha bir kiberdələduzluq işinin əsasını təşkil edib.
Qaynarinfo xəbər verir ki, “TikTok” platformasında bank və kredit təşkilatlarının adından saxta profillər yaradan bir qrup şəxs vətəndaşlara kredit vəd edərək onların bank kartı məlumatlarını ələ keçirib. Nəticədə bir neçə nəfərin hesabından pul oğurlanıb, hətta bəzi vətəndaşların adına xəbərləri olmadan kredit rəsmiləşdirilib.
Məhkəmə materiallarına əsasən, dəstə üzvləri “TikTok”da “Kred Aqro”, “Kredit.şöbəsi” və müxtəlif bankların adlarından istifadə edərək saxta profillər yaradıblar. Həmin səhifələrdə “tək şəxsiyyət vəsiqəsi ilə kredit”, “1000 manatdan 50 min manatadək kredit”, “rəsmi iş yeri olmadan kredit” kimi cəlbedici elanlar yerləşdirilib.
Kreditə ehtiyacı olan şəxslər elanlarda göstərilən nömrələrlə əlaqə saxladıqdan sonra özlərini bank və kredit təşkilatlarının əməkdaşları kimi təqdim edən şəxslərlə danışmağa başlayıblar. Dəstə üzvləri müraciət edənlərdən şəxsiyyət vəsiqələrinin məlumatlarını, FİN kodlarını, bank kartlarının nömrələrini və digər məlumatları əldə ediblər. Bəzi hallarda vətəndaşlardan videozəng vasitəsilə şəxsiyyətlərini təsdiqləmələri də tələb olunub.
Daha sonra əldə edilən məlumatlar dəstənin digər üzvlərinə ötürülüb. Onlar isə zərərçəkmişlərin bank hesablarına müdaxilə edərək pulları müxtəlif kartlara köçürüblər. Cinayət iştirakçıları arasında əvvəlcədən rol bölgüsü aparılıb: biri vətəndaşlarla danışaraq məlumatları əldə edib, digərləri hesablara müdaxilə edib, başqa şəxslər isə köçürülən vəsaitləri nağdlaşdırıblar.
Məhkəmədə təqsirləndirilən şəxs də bu sxemin necə işlədiyini etiraf edib. O bildirib ki, vətəndaşlarla telefon danışığı apararaq özünü müxtəlif adlarla təqdim edib, onların kart məlumatlarını əldə etdikdən sonra digər şəxslərə ötürüb. Hər kəs gördüyü işə uyğun qazanc əldə edib. Onun sözlərinə görə, kartdan ələ keçirilən məbləğin 40 faizi ona çatıb, qalan hissə isə digər iştirakçılar arasında bölüşdürülüb.
Təqsirləndirilən şəxs ifadəsində bu üsulla təxminən 120 vətəndaşla əlaqə saxladığını, öz payına düşən qazancın isə ümumilikdə 4000 manat civarında olduğunu bildirib.
İş materiallarında konkret olaraq yeddi zərərçəkmiş şəxslə bağlı epizodlar yer alıb. Onlardan birinin bank kartından 538 manat, digərinin hesabından 860 manat, başqa birinin kartından 293 manat, daha bir şəxsin hesabından 195 manat, eləcə də 238 manat vəsait çıxarılıb.
Dələduzluğun daha ağır nəticələrindən biri isə vətəndaşların adına xəbərləri olmadan kredit rəsmiləşdirilməsi olub. Zərərçəkmişlərdən birinin adına “AgroKredit” bank olmayan kredit təşkilatından 3000 manat kredit götürülüb. Faizlərlə birlikdə onun üzərinə 3333 manat öhdəlik yaranıb. Pul isə zərərçəkmişin deyil, başqa şəxsin bank kartına köçürülüb.
Digər bir vətəndaşın adına da eyni qaydada 3000 manat kredit rəsmiləşdirilərək vəsait başqa hesaba yönəldilib. Beləliklə, zərərçəkmişlər təkcə hesablarındakı pulları itirməyib, həm də öz adlarına yaranmış kredit öhdəlikləri ilə üzləşiblər.
Məhkəmə araşdırması zamanı zərərçəkmişlərin ifadələri, bank çıxarışları, telefon danışıqları ilə bağlı məlumatlar və digər sübutlar tədqiq edilib. Həmçinin hadisələrin birində pulun nağdlaşdırıldığı bankomatın müşahidə kamerasına düşən görüntülər də iş materiallarına əlavə olunub.
Məhkəmə müəyyən edib ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham sübutlarla təsdiqlənir. Zərərçəkmişlərə dəymiş maddi ziyanın tam ödənilməsi və onlarla barışıq əldə olunması isə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilib. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməyib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə müttəhim Cinayət Məcəlləsinin 177.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq), 177.2.2-ci (təkrar oğurluq) və 177.2.3-1-ci (elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edilməklə oğurluq) maddələri ilə təqsirli bilinib.
Ona 2 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Məhkəməyədək icraat dövründə həbsdə saxlanıldığı 5 ay 4 gün müddət nəzərə alınaraq cəzadan 10 ay 8 gün çıxılıb və üzərində qəti olaraq 1 il 11 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Seyid