
Fiziki məhdudiyyətli bir gənc olaraq, həyatımın müəyyən bir dövrünə qədər stereotiplərin arasında sıxılıb qaldığımı hiss edirdim. Potensialım var idi, lakin sosiallığım çox az idi. Hər şey bir addımla başladı. Azərbaycanda bir sıra qurumlarda könüllü olaraq fəaliyyətə başladım. Orada iş prosesini, xidmət göstərməyi öyrəndim. Lakin daxili dünyamdakı o qapalılığı qırmaq üçün mənim daha böyük çağırışa ehtiyacım var idi.
Və o qığılcım, gözləmədiyim anda, həyatımın axarını dəyişəcək təkliflə qarşıma çıxdı.
Gözlənilməz təklif və axtarışların başlanğıcı
Azərbaycanda könüllülük fəaliyyətim zamanı reabilitasiya mərkəzləri ilə sıx təmasda olurdum və bir müddət sonra mən də Ramanada yerləşən Peşə-Əmək Reabilitasiya Mərkəzinə üz tutdum. Orada aktivliyimlə qısa zamanda seçilməyə başladım. Bir gün mənə gələcəyimi tamamilə dəyişəcək bir qapı göstərildi: "Avropada könüllü olmaq istəyərsən?"
Bu təklifin arxasında tam olaraq nəyin dayandığı, hansı proqram olduğu mənə ətraflı izah olunmadı. Bu naməlumluq məndə böyük bir sual və maraq yaratdı. Evə gələn kimi internetdə ciddi bir araşdırmaya başladım və axtardığım cavabın Avropa Həmrəylik Korpusu proqramı olduğunu öyrəndim. Dərhal qeydiyyatdan keçdim. Həyat bəzən bizə yolları birbaşa göstərmir, sadəcə ipucu verir ki, özümüz axtarıb tapaq.
"Boş proqramdır" deyənlər və inadkar müraciətlər
İlk addımlarım heç də asan olmadı. Ətrafımdakı insanlar zarafatla, bəzən də bədbinliklə "Boş proqramdır, başını qoşma, onsuz da seçilməyəcəksən" deyirdilər. Hardasa 50-yə yaxın layihəyə müraciət etdim. Onlardan yalnız bir neçəsindən cavab gəldi və onlar da mənfi idi. Ruh düşkünlüyü yaşayırdım, amma içimdəki inam hələ sönməmişdi çünki ailəmin mənə dəstəyi var idi.
Bir gün “Sağlam Düşüncə” Gənclər Təşkilatının səhifəsində Niderlandda əlilliyi olan şəxslər üçün bir könüllülük imkanı olduğunu gördüm. Həmin paylaşımı gördükdə fürsəti qaçırmadım və qəbul edən təşkilatla birbaşa əlaqəyə keçib emaillərinə yazaraq qeydiyyatdan keçdim. Çox keçmədi ki, o qədər rədd cavabından sonra gözlədiyim o möcüzə baş verdi – mən qəbul aldım!
Niderland: Velosipedlər ölkəsində maneəsiz həyat
Niderlanda çatanda məni tamamilə fərqli bir dünya qarşıladı. Orada əlilliyi olan digər şəxslərlə birlikdə bir restoranda, buranın peşəkar heyəti ilə çiyin-çiyinə işləməyə başladım. İlk vaxtlar hava şəraitinə uyğunlaşmaq mənim üçün çətin olsa da, zamanla bura adaptasiya oldum. Az da olsa ingilis dilimi inkişaf etdirdim.
Məni ən çox valeh edən və duyğulandıran isə ölkənin infrastrukturunun əlçatanlığı oldu. İctimai nəqliyyat, küçələr, kafelər, muzeylər – hər yer əlilliyi olan şəxslərin sərbəst hərəkəti üçün o qədər mükəmməl dizayn olunmuşdu ki, mən heç bir kömək olmadan, təkbaşına bütün ölkəni rahatlıqla gəzə və kəşf edə bilirdim. Niderland mədəniyyətini öyrəndikcə içimdə böyük bir heyranlıq qaldırırdı. Azərbaycana qayıdanda artıq nələri bacardığımı çox yaxşı bilirdim.
Bir nəfərin dünyasını dəyişmək
Bu səyahətdə tək deyildim. Ramandakı mərkəzdən mənim getdiyim zamanlarda başqa bir əlilliyi olan şəxsi də Niderlanda göndərmişdilər. İlk günlər o, özünə qapanmışdı, çox narahat və gərgin görünürdü. Yad bir mühitdə olmaq onu qorxudurdu. Mən onun bu halını görüb qərara gəldim ki, ona dəstək olmalıyam. Niderlandda hara səyahət etdimsə, onun da bizimlə gəlməsini təmin etdim. Getdiyimiz hər yeni məkanda onun üzündəki o narahatlığın yerini rahatlığa və sevincə verdiyini görürdüm. Onun gözlərindəki o dəyişiklik və inkişaf, mənim bu layihədə qazandığım ən böyük qələbələrdən biri idi.
Özünü qəbul etmək və gələcəyə baxış
Niderland mənə elə bir güc verdi ki, mən bununla dayanmadım. Ümumilikdə 4 dəfə ESC və 1 dəfə Erasmus+ layihəsində iştirak etdim. Bu layihələr sayəsində mən tamamilə sosiallaşdım, fərqli mədəniyyətlər tanıdım, ingilis dilim inkişaf etdi və ən əsası – özünü olduğum kimi qəbul edib sevməyi öyrəndim.
Niderlandda olanda əlilliyi olan şəxslərin işləyib sosiallaşdığı inklüziv bir restoran gördüm və çox ilhamlandım. Vətənə qayıdanda eyni layihəni bizdə də açmaq istədim, lakin hələ ki müvafiq qurumlardan gözlədiyim dəstəyi ala bilmədim. İnklüzivlik və əlçatanlıq mövzusunda Niderlandla müqayisədə hələ keçməli olduğumuz uzun bir yol var. Amma inanıram ki, gələcəkdə bu növ gözəl layihələrə ölkəmizdə daha çox yer veriləcək.
Mən, Tacir Orucluyam. Avropada könüllülük mənə sübut etdi ki, maneələr bədənimizdə deyil, düşüncədə və mühitdədir. Əgər qarşınıza çıxan fürsətlərin inadla ardınca getsəniz, mütləq həm öz dünyanızı, həm də ətrafınızdakıların dünyasını dəyişə biləcəksiniz.