
Dünyanın ən böyük kriptovalyuta birjalarından olan Binance 6,3 milyard dollarlıq kiberhücumdan sonra bəzi kriptovalyutalar üzrə vəsaitlərin çıxarılmasını mərhələli şəkildə bərpa etməyə başlayıb. Şirkət oğurluq nəticəsində yaranan maliyyə itkisinin istifadəçilərin üzərinə qoyulmayacağını bir daha bəyan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə “CHIP” nəşri məlumat yayıb.
Binance noyabrın 3-də Türkiyə vaxtı ilə saat 07:00-dan etibarən doqquz blokçeyn şəbəkəsində çoxsaylı aktivlər üzrə vəsaitlərin çıxarılmasını ikinci mərhələdə bərpa edib. Bu barədə şirkət “Bərpa yeniləməsi №6” adlı açıqlama yayıb.
Yeni mərhələ BSC, Ethereum, Solana, XRP, Sui, Arbitrum, Optimism, TRX və Base şəbəkələrini əhatə edir. Siyahıya Bitcoin, Ethereum, XRP, Solana, Dogecoin, Cardano, Litecoin və digər kriptovalyutalar daxildir. Bununla belə, bütün aktivlər eyni vaxtda istifadəyə verilməyəcək. Binance təhlükəsizlik yoxlamaları tamamlandıqca hər bir aktiv üzrə əməliyyatları mərhələli şəkildə açacaq.
Şirkət istifadəçilərə əməliyyatların vəziyyətini müvafiq aktivin çıxarılma səhifəsindən yoxlamağı tövsiyə edib. Yüksək istifadəçi aktivliyi səbəbindən bəzi əməliyyatlarda gecikmələrin mümkün olduğu bildirilib. Vəsaitlərin hesaba yatırılması xidmətləri isə açıq saxlanılıb.
Oğurlanan vəsaitlərin milyardlarla dolları dondurulub
Xatırladaq ki, hücum ötən həftənin cümə axşamı baş verib. Binance insidentin ümumi maliyyə təsirini təxminən 6,3 milyard dollar qiymətləndirib. Blokçeyn analitik şirkəti TRM Labs-ın məlumatına görə, hücum edənlər birjaya məxsus pul kisələrindən vəsaitləri 10 müxtəlif blokçeyn şəbəkəsi vasitəsilə çıxarıblar. Əməliyyatların böyük hissəsi təxminən 20 dəqiqə ərzində həyata keçirilib.
Binance tərəfdaşları ilə birlikdə blokçeyn üzərində təxminən 3 milyard dollar dəyərində aktivin dondurulmasına nail olub. Tether təxminən 1,6 milyard dollar, Circle isə 800 milyon dollardan çox USDC-ni dondurduğunu açıqlayıb.
Bu hadisə qeydə alınmış ən böyük kriptovalyuta oğurluğu kimi qiymətləndirilir.
FBI Şimali Koreyanı günahlandırır, Pxenyan ittihamları rədd edir
ABŞ Federal Təhqiqat Bürosu (FBI) oktyabrın 31-də hücumun arxasında “TraderTraitor” adlı haker qrupunun dayandığını açıqlayıb. ABŞ tərəfi bu qrupun Şimali Koreya tərəfindən dəstəkləndiyini iddia edir. FBI daha əvvəl, 2025-ci ilin fevralında “Bybit” kriptovalyuta birjasına qarşı həyata keçirilən 1,5 milyard dollarlıq hücumu da həmin qrupla əlaqələndirmişdi.
Şimali Koreya lideri Kim Çen Inin bacısı Kim Yo Con isə noyabrın 3-də bu ittihamları rədd edib. O, FBI-ın açıqlamasını “cəfəngiyyat” və “köhnəlmiş təxribat” adlandırıb. Kim Yo Con ABŞ-ın düşmən mövqeyinə görə Pxenyanın bir sıra məsələlərə yenidən baxacağını da bildirib.
ABŞ Prezidenti Donald Tramp isə jurnalistlərin suallarını cavablandırarkən hücumun arxasında Şimali Koreyanın dayanıb-dayanmadığının hələ dəqiq müəyyənləşdirilmədiyini söyləyib. Bununla belə, araşdırmanın nəticəsində belə bir qənaətə gəlinə biləcəyini istisna etməyib.
Aydın