
Avropanın kiçik dövlətlərindən biri olan Lixtenşteynin şahzadəsi Mariya İmmakulata Gürcüstanın keçmiş kral ailəsinə mənsub Zurab Dzidziguri ilə ailə həyatı qurub. Beş il davam edən münasibətlərini ictimaiyyətdən uzaq saxlayan cütlüyün toyu Avstriyanın paytaxtı Vyanada baş tutub.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Cütlük Vyanadakı Müqəddəs Pyotr kilsəsində keçirilən mərasimdə nikah bağlayıb. Şahzadə Mariya (ailə üzvlərinin ona müraciət etdiyi adla Lata) toyda krujeva detalları ilə seçilən gəlinlik geyinib. O, obrazını nənəsindən miras qalan, firuzəyi daşlar və brilyantlarla bəzədilmiş tarixi tacla tamamlayıb. 1929-cu ilə qədər uzanan tarixə malik tac şahzadənin nənəsinin mənsub olduğu sülaləyə aid olub.

Zurab Dzidziguri isə mərasimdə Gürcüstanın ənənəvi kişi geyimi olan çoxa (çərkəska) geyinib. Beləliklə, hər iki tərəf toy mərasimində öz milli və ailə ənənələrinə hörmət nümayiş etdirib.
Məlumata görə, fərqli ölkələrdə böyüyən cütlük 2011-ci ildə Tiflisdə tanış olub. Həmin vaxt şahzadə Mariya şəhərdə işləyir, eyni zamanda turizm agentliyinə rəhbərlik edirdi. İnnovasiya layihələrinin idarə edilməsi sahəsində çalışan Zurabla iş münasibətləri əsasında başlayan yaxınlıq sonradan sevgiyə çevrilib.

Cütlük münasibətlərini beş il ərzində ictimaiyyətdən gizli saxlamağa üstünlük verib. Toydan sonra Zurabın bacısı Kristine onların hekayəsini gürcü atalar sözü ilə ifadə edib: “Qismət səni hara aparacaqsa, ayaqların da ora aparacaq”.
Aydın