
2024–2025-ci illərdə dünyada öldürülən jurnalistlərin sayı əvvəlki iki illə müqayisədə 20 faiz artaraq 189 nəfərə çatıb. Bu, 2014–2015-ci illərdən sonra media nümayəndələri və kontent yaradıcılarının qətlə yetirilməsi hallarının qeydə alındığı ən yüksək göstəricidir.
Qaynarinfo xəbər verir ki, bu barədə UNESCO-nun yeni hesabatında bildirilir.
Sənəddə qeyd olunur ki, təkcə 2025-ci ildə son səkkiz ilin digər illəri ilə müqayisədə daha çox jurnalist həyatını itirib. Ölüm hallarının böyük hissəsi silahlı münaqişələrlə bağlı olub. Bu hadisələr arasında pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumlar da yer alır.
Hesabata əsasən, ən çox jurnalist ölümü ərəb ölkələrində qeydə alınıb. Bu regionda 97 media nümayəndəsi öldürülüb. Latın Amerikası və Karib hövzəsi ölkələrində isə 37 jurnalist həyatını itirib.
Ölkələr üzrə göstəricilərə gəlincə, son iki ildə ən çox jurnalistin öldürüldüyü ərazi Fələstin olub. Burada azı 62 media əməkdaşı həyatını itirib. Eyni dövrdə Ukraynada 12, Rusiyada isə iki jurnalistin öldürüldüyü bildirilib.
Hesabatda jurnalistlərin təhlükəsizliyinin təmin olunmasının beynəlxalq səviyyədə ciddi problem olaraq qaldığı vurğulanır.
Aydın