Xəbər lenti

"Dong Feng"in Azərbaycandakı avtomobillərinə həbs qoyuldu -  Vergi borcuna görə
Ekonomiks15:58 30.10.2026

"Dong Feng"in Azərbaycandakı avtomobillərinə həbs qoyuldu - Vergi borcuna görə

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çinin “Dong Feng” markasının Azərbaycandakı distribütoru “Caucasus Industrial and Trade Group LTD” MMC-nin vergi borcuna görə əmlakı satışa çıxarılacaq.

Qaynarinfo xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi şirkətə qarşı məhkəmədə iddia qaldırıb.

Məhkəmə materiallarına görə, şirkətin dövlət büdcəsinə 22 min manat vergi borcu yaranıb. Vergi orqanı borcun ödənilməsi üçün şirkətə xəbərdarlıq etsə də, ödəniş həyata keçirilməyib. Nəticədə MMC-yə məxsus əmlak siyahıya alınıb.

Araşdırma zamanı şirkətin adına üç avtomobilin qeydiyyatda olduğu müəyyən edilsə də, vergi orqanının məlumatına əsasən, həmin nəqliyyat vasitələrinin siyahıya alınması şirkətin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan həyata keçirilib.

Məhkəmə sənədlərində şirkətə məxsus 8 min manat dəyərində “Dong Feng” markalı, 7 min manat dəyərində “Soueast DN6463J6GA” markalı və daha 8 min manat dəyərində eyni markalı avtomobillərin siyahıya alındığı göstərilib.

Bakı şəhərində yerləşən məhkəmə şirkətin iddiasını təmin edərək, 22 min manatlıq vergi borcunun ödənilməsini təmin etmək məqsədilə siyahıya alınmış 8 min manat dəyərində əmlakın satılması barədə qərar qəbul edib.

Qərara əsasən, əmlakın satışından əldə edilən vəsait hesabına şirkətin vergi borcu dövlət büdcəsinə ödəniləcək.

Qeyd edək ki, şirkətin dövlət reyestrində nizamnamə kapitalı 530 020 manat göstərilib. Cəmiyyətin rəhbəri MOHAMMADI GHADIM JAVAD-dır. Hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, E119 ünvanıdır.

Aydın