
Lionel Messinin karyerasına başladığı Argentinanın “Nyuells Old Boyz” klubuna qayıtması gündəmə gəlib. Rosario təmsilçisi səkkizqat “Qızıl top” sahibini yenidən heyətinə qatmaq üçün ciddi səylər göstərir.
Qaynarinfo xəbər verir ki, bu barədə Messinin doğulduğu Rosario şəhərindən olan jurnalist Qonsalo Kalviqioni məlumat yayıb.
Jurnalistin sözlərinə görə, “Nyuells Old Boyz” argentinalı ulduzun transferini 2027-ci ilin yanvarında reallaşdırmağa ümid edir. Kalviqioni “Estadio 3” radiosunun “Cadena 3 Rosario” proqramında Messinin indiyədək heç vaxt doğma klubuna qayıtmağa bu qədər yaxın olmadığını bildirib.
Bununla belə, transferin qarşısında mühüm maneə var. Messinin ABŞ-ın “İnter Mayami” klubu ilə müqaviləsi 2028-ci ilin dekabr ayının sonunadək qüvvədədir. Bu səbəbdən onun yaxın transfer pəncərəsində Argentinaya qayıtması real görünmür.
Qeyd edək ki, Messi 2000-ci ilin yayında Rosario şəhərindən İspaniyanın “Barselona” klubuna yollanıb. O, peşəkar karyerası ərzində “Nyuells Old Boyz”un əsas komandasında heç vaxt çıxış etməyib.
Aydın