
“TikTok”da hərbi geyimdə görüntülənməsinə görə xidməti uyğunsuzluq əsası ilə ehtiyata buraxılan hərbçinin Müdafiə Nazirliyinə qarşı iddiası təmin edilib.
Qaynarinfo-nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi Müdafiə Nazirliyinin şikayətini təmin etməyərək hərbçinin xeyrinə çıxarılmış birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Məlum olub ki, N saylı hərbi hissədə rabitə və idarəetmə taqımının radiorele stansiyasının rəisi olan hərbçi “TikTok” platformasında hərbi geyimdə canlı yayımda görüntülənib. Bu hal Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış qaydalarının pozulması kimi qiymətləndirilib.
Bununla əlaqədar hərbi hissə komandirinin əmri ilə ona “şiddətli töhmət” elan edilib. Daha sonra isə xidməti uyğunsuzluq əsası ilə ehtiyata buraxılması barədə qərar qəbul olunub.
Hərbçi məhkəmədə bildirib ki, “TikTok” hesabı olmayıb və heç vaxt həmin platformada canlı yayım açmayıb. Onun sözlərinə görə, görüntülər başqa hərbi qulluqçunun açdığı canlı yayım zamanı qeydə alınıb və özü təsadüfən kadra düşüb.
O, həmçinin mobil telefonuna baxış keçirildiyini və sosial şəbəkədən istifadə etmədiyinin müəyyənləşdirildiyini bildirib. Hərbçi ehtiyata buraxılması barədə əmrin ləğvini, hərbi xidmətə bərpa olunmasını, eləcə də xidmətdən kənarlaşdırıldığı müddət üçün əməkhaqqı və digər müavinətlərin ödənilməsini tələb edib.
Bakı İnzibati Məhkəməsi iddianı təmin edərək hərbçinin ehtiyata buraxılması barədə əmri ləğv edib. Eyni zamanda, onun əvvəlki vəzifəsinə bərpa olunması, habelə xidmətdən kənarda qaldığı müddətə görə əməkhaqqı və digər müavinətlərin hesablanaraq ödənilməsi öhdəliyini Müdafiə Nazirliyinin üzərinə qoyub.
Qərardan narazı qalan Müdafiə Nazirliyi apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsi isə işin araşdırılması zamanı mühüm məqamı üzə çıxarıb. Məlum olub ki, hərbçi eyni hadisəyə görə əvvəlcə “şiddətli töhmət” alıb, daha sonra isə həmin əməl əsas gətirilərək xidməti uyğunsuzluq səbəbindən ehtiyata buraxılıb.
Məhkəmə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin 88-ci bəndinə istinad edərək eyni bir nalayiq hərəkətə görə bir neçə cəza verilməsinin qadağan olunduğunu vurğulayıb.
Digər mühüm məqam isə canlı yayımın kim tərəfindən açılması ilə bağlı olub. Məhkəmə “TikTok” görüntülərini araşdırdıqdan sonra yayımın iddiaçı tərəfindən deyil, digər hərbi qulluqçu Nuru Nuruzadə tərəfindən açıldığını müəyyən edib. İddiaçının görüntülərdə görünməsi isə təsadüfi hal kimi qiymətləndirilib.
Bu əsaslarla Bakı Apellyasiya Məhkəməsi Müdafiə Nazirliyinin şikayətini təmin etməyib və hərbçinin xeyrinə çıxarılmış qərarı dəyişdirilmədən saxlayıb.
Beləliklə, hərbçinin ehtiyata buraxılması barədə əmr qüvvədən düşmüş hesab edilib, onun hərbi xidmətə bərpası və məcburi xidmət fasiləsinə görə ödənişlərin verilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qərarı qüvvədə qalıb.
Qeyd edək ki, apellyasiya məhkəməsinin qərarından kassasiya şikayəti verilə bilər.
Aydın