Xəbər lenti

OCOS layihəsinə görə məhkum edilən iki qadının şikayəti rədd edildi
Ölkə11:36 30.10.2026

OCOS layihəsinə görə məhkum edilən iki qadının şikayəti rədd edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

OCOS dələduz beynəlxalq maliyyə və kriptovalyuta piramidası, eləcə də şəbəkə marketinqi layihəsi ilə bağlı cinayət işi üzrə məhkum edilmiş iki qadının apellyasiya şikayəti təmin edilməyib.

Qaynarinfo xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi İsmayılova Cənanə İmran qızı və Ellazova İlkanə Lətif qızının müdafiəçilərinin şikayətlərini təmin etməyərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hökmünü dəyişdirilmədən saxlayıb.

Məhkəmə materiallarına əsasən, 1992-ci ildə Qax rayonunda anadan olmuş Cənanə İsmayılova və 1992-ci ildə Xanlar (indiki Göygöl) rayonunda anadan olmuş İlkanə Ellazova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla dələduzluqda təqsirli biliniblər.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cənanə İsmayılovaya 2 il, İlkanə Ellazovaya isə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. İlkanə Ellazovanın saxlanıldığı bir gün cəza müddətindən çıxıldıqdan sonra onun üzərində 1 il 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

İş materiallarına görə, hər iki qadın OCOS layihəsində yalnız pul yatıran iştirakçılar olmayıb. Məhkəmə onların yeni şəxslərin layihəyə cəlb edilməsi, qeydiyyatın aparılması, hesabların açılması, “coin”lərin paylanması, pul vəsaitlərinin qəbulu və köçürülməsinin təşkilində iştirak etdikləri qənaətinə gəlib.

Zərərçəkmişin ifadəsinə əsasən, onu layihəyə İlkanə Ellazova cəlb edib və yatırdığı vəsaitin iki ay ərzində gəlirlə birlikdə geri qaytarılacağını bildirib. Cənanə İsmayılova da sonradan vəsaitin təhlükəsiz olduğunu təsdiqləyərək zərərçəkmişi narahatlığa əsas olmadığına inandırıb.

Məhkəmə zərərçəkmişdən 4 min manatın alınması ilə bağlı epizodu da qiymətləndirib. İş materiallarında olan ifadələrə görə, pul göndərilməzdən əvvəl Cənanə İsmayılova zərərçəkmişlə telefonla danışıb, vəsait taksi sürücüsünə təqdim edildikdən sonra isə əskinaslardan birinin əzik olması ilə bağlı ona narahat olmamağı deyib. Məhkəmə bu halları Cənanə İsmayılovanın pulun qəbulundan xəbərdar olmasını və prosesin təşkilində iştirakını təsdiqləyən sübutlar kimi qiymətləndirib.

Məhkəmə kollegiyası hər iki məhkumun layihəyə özlərinin də pul yatırdıqları və zərər çəkdikləri barədə müdafiə mövqeyini inandırıcı hesab etməyib. Qeyd olunub ki, onların iddia etdikləri maliyyə itkilərini və layihədən gəlir əldə etmələrini təsdiqləyən bank çıxarışları və digər obyektiv sənədlər təqdim edilməyib.

Müdafiə tərəfinin dələduzluq əməlinin sübuta yetirilməməsi, zərərçəkmişdən alınan 4 min manatla bağlı ittihamın əsassız olması və məhkumlara təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə dəlilləri qəbul edilməyib.

Bakı Apellyasiya Məhkəməsi hesab edib ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr iş materialları ilə təsdiqlənir, hökm qanuni və əsaslıdır. Nəticədə Cənanə İsmayılova və İlkanə Ellazovanın müdafiəçilərinin apellyasiya şikayətləri təmin edilməyib, Sabunçu Rayon Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Qərar elan edildiyi andan qanuni qüvvəyə minib.

Aydın