
İnsanın sevdiyi musiqiyə qulaq asması ağrı hissini müəyyən qədər azalda bilər. Mütəxəssislərin fikrincə, musiqi ağrı siqnalını aradan qaldırmasa da, beynin bu hissi necə qəbul etməsinə təsir göstərir.
Qaynarinfo xəbər verir ki, “Gazeta.ru” nəşrinə danışan həkim-psixoterapevt İrina Kraşkina musiqinin ağrı hissinə təsirindən bəhs edib.
Onun sözlərinə görə, ağrı təkcə bədənin zədələnmiş nahiyəsindən gələn siqnalla bağlı deyil. Bu hissin yaranmasında insanın diqqəti, emosional vəziyyəti, narahatlığı, gözləntiləri və əvvəlki təcrübələri də mühüm rol oynayır. Buna görə də oxşar zədələri olan iki insan ağrını fərqli səviyyədə hiss edə bilər.
Mütəxəssis bildirib ki, insan ağrıya həddindən artıq diqqət yetirdikdə, beyin bu hissi davamlı olaraq qəbul edir. Musiqi isə diqqəti ritmə, melodiyaya, sözlərə və xatirələrə yönəldərək ağrının subyektiv qavranılmasını zəiflədə bilər. Xüsusilə insanın həqiqətən sevdiyi musiqilər bu baxımdan daha təsirli ola bilər.
Ağrını azaldan universal musiqi növü yoxdur
Psixoterapevt qeyd edib ki, hər kəsə eyni cür təsir edən xüsusi musiqi janrı mövcud deyil. Bir insan klassik musiqi ilə rahatlaşdığı halda, digəri rok, caz və ya gənclik illərini xatırladan mahnılardan müsbət təsir ala bilər.
Əsas məsələ musiqinin janrı deyil, onun konkret insanda yaratdığı hisslərdir. Əgər musiqi xoşagəlməz xatirələr oyadır, qıcıqlandırır və ya həddindən artıq həyəcanlandırırsa, ağrını azaltmaq əvəzinə əks təsir göstərə bilər.
Mütəxəssisin sözlərinə görə, xroniki ağrı çox vaxt narahatlıq, yuxu problemləri, fiziki aktivliyin azalması və vəziyyətin pisləşəcəyi qorxusu ilə müşayiət olunur. Buna görə də müalicə zamanı dərman və tibbi prosedurlarla yanaşı, ağrının qavranılmasına təsir edən psixoloji amillər də nəzərə alına bilər.
Həkim xəbərdarlıq edib ki, musiqi müalicəni əvəz etmir. Ağrı güclüdürsə, yeni başlayıbsa və ya getdikcə artırsa, onun səbəbini müəyyənləşdirmək üçün həkimə müraciət etmək lazımdır.
Aydın