
Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib.
Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiya kafedrasının dosenti Con Kibbinin sözlərinə görə, üzün yuyulması ilə bağlı sərt qayda yoxdur. Dəriyə qulluq rejimi insanın gündəlik həyat tərzinə uyğun qurula bilər.
Mütəxəssis qeyd edib ki, səhər üzün duşdan əvvəl və ya sonra yuyulması arasında ciddi fərq yoxdur. Gün ərzində idman edən və ya çox tərləyən şəxslər isə üzlərini əlavə olaraq yuya bilərlər.
Dermatoloq axşam qulluq zamanı daha diqqətli olmağı tövsiyə edib. Xüsusilə yatmazdan əvvəl retinoidlər və digər gecə qulluq vasitələrindən istifadə edənlər üzlərini bu məhsulları tətbiq etməyə yaxın vaxtda yumalıdırlar. Onun fikrincə, üzün axşam saatlarında çox erkən yuyulması ilə yatmazdan əvvəl dəriyə qulluq arasında uzun fasilə yaranması arzuolunan deyil.
Gündə yalnız bir dəfə üzünü yuyanlar üçün isə konkret vaxt məhdudiyyəti yoxdur. Bu, insanın gündəlik rejimindən asılıdır. Bununla belə, səhərlər üzünü müntəzəm yumaqda çətinlik çəkənlər üçün axşam saatları daha əlverişli seçim ola bilər.
Dermatoloqun tövsiyəsinə əsasən, əsas məsələ üzün yuyulmasını gündəlik rejimə uyğunlaşdırmaq və dəriyə qulluq vərdişini davamlı saxlamaqdır.
Aydın