
Ağır və ya uzunmüddətli depressiyadan əziyyət çəkən təxminən hər dörd nəfərdən birində xəstəlik yuxu və oyaqlığın sutkalıq dövrünü tənzimləyən daxili bioloji saatın pozulması ilə əlaqəlidir. Sirkadiyalı depressiya adlandırılan bu alt tip Avstraliyanın Sidney Universitetinin tədqiqatçıları tərəfindən 11 380 avstraliyalının məlumatları əsasında müəyyənləşdirilib.
Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri “British Journal of Psychiatry” jurnalında dərc olunub.
Sirkadiyalı depressiyanın müəyyən əlamətləri var: xəstəlik ilin müəyyən fəsillərində kəskinləşir, tutmalar zamanı insan adi haldan daha çox yatır, yuxudan yorğun oyanır və rejim baxımından “gecəquşu” olur. Bu depressiya növü daha erkən yaşda başlayır və özünə zərər vermə düşüncələri də daxil olmaqla daha ağır simptomlarla müşayiət olunur. Bundan əlavə, bu alt tipə sahib insanlarda iltihabi və ürək-damar xəstəlikləri, eləcə də diqqət çatışmazlığı və hiperaktivlik sindromu kimi inkişaf pozuntuları ilə bağlı genetik risk artır.
Bu alt tip serotonin vasitəsilə təsir göstərən geniş yayılmış antidepressantlara daha zəif cavab verir. Nəticədə müalicənin uğursuzluqla nəticələnməsi və əlavə yan təsirlərin yaranması ehtimalı artır. Bununla belə, belə xəstələr yuxu hormonu olan melatoninə, onun əsasında hazırlanan dərmanlara və işıq terapiyasına, yəni parlaq işıqla müalicəyə daha yaxşı reaksiya verirlər. Elmdə bu yanaşma xronoterapiya adlandırılır.
“Gənclərin əksəriyyətinə ilk növbədə ənənəvi antidepressantlar təklif olunur. Lakin ən azı dörddə birinə daxili bioloji saatla işləyən tibbi və davranış üsulları daha uyğun ola bilər”, — deyə Sidney Universitetinin psixiatrı İen Hiki bildirib.
Daxili bioloji saat orqanizmi 24 saatlıq dövr ərzində yuxu və oyaqlıq vəziyyətləri arasında keçirən və hormonların ifrazını tənzimləyən sistemdir. Dünyada 300 milyondan çox insan depressiyadan əziyyət çəkir. Tədqiqat müəllifləri hesab edirlər ki, pozuntunun müxtəlif alt tiplərə bölünməsi konkret insan üçün daha effektiv müalicənin daha sürətli seçilməsinə imkan verə bilər.
Araşdırmanın nəticələrinin müstəqil məlumatlar əsasında hələ təsdiqlənməsi tələb olunur. Bununla belə, sirkadiyalı yanaşma üçün istifadə olunan vasitələr dünyada artıq uzun müddətdir mövcuddur: melatonin apteklərdə reseptsiz satılır, mövsümi depressiya zamanı isə işıq terapiyasından illərdir istifadə edilir.
Aydın