
ABŞ Prezidenti Donald Tramp sabiq prezident Barak Obamanı sərt şəkildə tənqid edib. Tramp Obamanı “son dərəcə səriştəsiz prezident” adlandıraraq onun İran siyasətinin uğursuz olduğunu və Tehranı nüvə silahı əldə etməyə yaxınlaşdırdığını iddia edib.
Qaynarinfo xəbər verir ki, bu barədə “WION” məlumat yayıb.
Tramp “Truth Social” platformasındakı paylaşımında Obamanın İranla bağlı siyasətini tənqid edib. Onun sözlərinə görə, Obama administrasiyası İrana milyardlarla dollar vəsait verib və ölkənin nüvə silahı əldə etməsinə şərait yaradıb.
ABŞ Prezidenti həmçinin Obamanın 2016-cı il prezident seçkilərində Hillari Klintonu, 2024-cü ildə isə Kamala Harrisi dəstəklədiyini xatırladıb. Tramp hər iki namizədin məğlub olduğunu bildirərək, Obamanın hazırda dəstəklədiyi namizədin də seçkidə qalib gəlməyəcəyini deyib.
Obama Trampı sərt tənqid edib
Trampın Obamaya qarşı çıxışları sabiq prezidentin ABŞ-da keçirilən seçki kampaniyası tədbirlərində Respublikaçılar və Trampın siyasətini tənqid etməsindən sonra baş verib.
Obama Ohayo və Miçiqanda keçirilən tədbirlərdə Trampı və onun respublikaçı müttəfiqlərini sərt davranışda ittiham edib və Demokratlar Partiyasının namizədləri Emi Ekton və Abdul El-Seyyidin namizədliyini dəstəkləyib.
Sabiq prezident Trampın Ağ Evdə apardığı dəyişiklikləri də məsxərəyə qoyub. O, Ağ Evdə bal zalının yaradılmasını, Qızılgül bağında aparılan dəyişiklikləri və binanın interyerində qızılı elementlərin çoxaldılmasını tənqid edib.
Obama çıxışlarından birində Ağ Evin görünüşünü İraqın sabiq lideri Səddam Hüseynin orada çizkeyk kafesi açmasına bənzədib. Bu ifadə tədbir iştirakçılarının gülüş və alqışları ilə qarşılanıb.
Tramp isə Obamanın çıxışlarına cavab olaraq onun prezidentlik dövründə İranla bağlı siyasətini ön plana çıxarıb və sabiq prezidenti özündən əvvəlki administrasiyaların siyasətini uğursuz həyata keçirməkdə ittiham edib.
Aydın