

Müharibəni dayandıra bilmirlər, nə Putinə gücləri çatır, nə də ki, Zelenskiyə. Doğrusu, Zelenskini ilk dəfə görəndə ağlımdan bir fikir keçmişdi: buna pioner qalstuku nə yaraşardı! Amma zənnim məni aldatdı, adam fikirləşdiyimdən güclü çıxdı, Ukrayna kimi mürəkkəb ölkədə nəinki bir seçki müddətini başa vura bildi, hətta hələ də prezident kimi qalmaqdadır.
Putin “seçki”yə getdi. Amma beləsini Zelenski də keçirə bilərdi, fəqət, buna nə Ukrayna xalqı razı olardı, nə də ki, ölkənin dostları, xüsusən də avropalılar.
Odur, Zelenskini də qınamaq lazım deyil.
Həm də işğal altında olan ölkələrdə seçki, referendum keçirmək çox da asan məsələ deyil. Amma buna indi baxan yoxdur. Putinin ardınca Tramp, bundan bir həftə əvvəl isə Netanyahu seçki keçirməyi düşünür.
Fələstin lideri Mahmud Abbas da qeyrətə gəlmişdi, amma deyəsən alınmadı. Məsləhət hələlik belədir ki, Fələstin növbəti il iki seçkini birdən keçirsin. Belədəsə, Mahmud müəlim az qala 20 ildən çoxdur ki, hakimiyyətdədir. Bəs etmədimi? Belə görünür ki, etməyib. Ərəfat da uzun müddət əvəzolunmaz lider oldu, amma o, Mahmud Abbas deyildi və bunu onun dəfni göstərdi. Kim yox idi orada?
Siyasət adamları çox deyinib-daşına bilərlər. Amma çətin ki, daha bu il bir iş olsun - yox, müşkül məsələdir. Amma qarşıdakı iki seçki Yaxın Şərqdəki indiki siyasi konfiqurasiyaya çox ciddi təsir edə bilər. Görək, nə olur, Trampın sözü ilə əməli bir ölçüyə gəlirmi?
Bu günlərdə yenə az qala, səkkizə yaxın müharibəni dayandırdığını dedi. Amma avansında hələ ciddi olaraq bir münaqişə var: Azərbaycan-Ermənistan savaşı, hansı ki, Tramp ona müdaxilə edəndə artıq çoxdan bitmişdi. Düzdür, sülh sazişi onun iştirakıyla paraflandı. Fəqət, bu, Nobel sülh mükafatı üçün bəs edirmi? Düşünmürük. Amma Nobel sülh mükafatı elə də ciddi şey deyil, verə də bilərlər, verməyə də...
Qərəz, hərə siyasətdə bir şey üçün çalışır. Adamlar var ki, onlar bu prosesə anlamaq, başa düşmək üçün və dəstək olmaq üçün baş qoşur. Amma mən şəxsən başa düşümə bilmirəm ki, Putin, Tramp kimi adamları siyasətə baş qoşmağa nə vadar edir? Putindən fərqli Trampın 3-5 milyard pulu da vardı. Adama deyərlər, çəkil qırağa, get gənc xanımınla əylən, nəvələrinlə oyna.
Putinə gəldikdə, vəziyyət daha gərgindir. Bir dəfə polşalı Adam Mixnikin bir yazısına rast gəldim. Adam birmənalı şəkildə işarə edirdi ki, Nemtsovun da, Navalnının da ölümündə bilavasitə Kreml təqsirlidir. Bundan sonra Putin üçün bir yol qalırmı? Kremldə qalmaq və sona qədər Kremli idarə etmək - Putin üçün qalan budur. Düzdür, hamı düşünürdü ki, Bəşər Əsəd üçün də daha yer-sığınacaq qalmayıb, amma tapıldı. Bu məntiqlə bəlkə Putin üçün də yer tapılar - ya Sibirdə, ya da Şimal dənizi adalarının birində.
Bəlkə onun da beynindən mavzoley keçir? Di gəl, hansı böyük xidmətlərinə görə? Bəlkə bir milyondan çox adamı qırğına verdiyinə görə?..
Putinə baxanda adamın ağlından daha bir sual da keçir: müharibəni sevmək olarmı? Sevənlər olub, özü də təkcə “müharibələr Allahı” Napoleon yox. Nitşe müharibədə iştirak etmək üçün çox can atıbdır. Dünya ədəbiyyatında heç də hamı “əlvida, silah!” deməyib. Müharibə başlayanda Ekzüperiyə də çox adam deyib ki, sən daha böyük işlər üçün lazımsan, amma eşitməyib.
Vaxtilə inqilablar zamanında dostları Şopenə də belə demişdilər, adam eşitdi. Amma Ekzüperi qulaq asmadı və özündən sonra gözəl əsərlər, həm də böyük tapmaca qoydu: şair, məzarın hanı? Beləcə, Ekzüperi bir gün sadəcə, yox oldu. Biri dedi şahinlər kimi səmada öldü, digərisə arz etdi ki, yox, o, Afrikanın çəngəlliklərində qəzaya uğradı...
Hüseynbala Səlimov




