

Biz məktəbdə oxuyanda məşhur əl maqnitofonları vardı - “Vesna”. Hər evdə, hər adamda olmurdu.
Amma əsas məsələ bu deyil. Sinif yoldaşlarımızdan birinin qohumu müğənni idi və iranlı Faiqə xanımın (Ququş) böyük həvəskarı idi.
Sinif yoldaşımız bizə tez-tez Ququşdan, onun mahnılarından danışar, biz də ondan və başqalarından müğənninin kassetlərini tapıb dinləyərdik.
İllər keçəcəkdi, İranda hakimiyyətə “molla”lar gələcəkdi və uzun müddət Faiqə xanımı ev dustağı edəcəkdilər. Ən əsası isə ona oxumağı qadağan edəcəkdilər...
O vaxt bu, yaradıcı insan – incəsənət – hakimiyyət müstəvisində baş verən və bizim eşitdiyimiz ilk ciddi konflikt idi. Faiqə xanım daha çox sevgi mahnıları oxuyurdu və başa düşmək olmurdu ki, bu mahnıların nəyi iranlı bayquşların xoşuna gəlmir axı? Bir də sənətkara oxumağı qadağan etmək olarmı?..
Niyə birdən bunu xatırladım? Yaradıcı insanlar çətin adamlar olurlar. Onların xarakteri kimi həyatları da çətin olur. Burada ziddiyyət, paradoks yoxdur. Xarakter həm də insanın həyat tərzini müəyyən edir. O gün oxuyuram ki, “molla” rejimi rejissor Cəfər Pənahiyə yenidən cəza verib. Nə yaxşı ki, adam artıq İranda yaşamır və “molla” rejiminin ona nifrəti əslində məşhur rejissor üçün bir növ reklamdır, onun sənətinə marağı bir az da artırır...
Ötən həftə hamımız İsraildəki seçkiləri də izlədik. Başqa vaxt bu seçkilərə bu qədər maraq olmazdı. Amma İranla müharibə bitməyib və hamı üçün çox maraqlıdır ki, bu müharibə necə bitəcək? Məsələ bundadır ki, burada İsraillə ABŞ arasında kiçik ziddiyyət var. Təl-Əviv bir neçə dəfə bəyan edib ki, İran rejimi bitməyincə onun üçün də, region üçün də təhlükə aradan qalxmayacaq. Amma Vaşinqtonda belə düşünmürlər. Belə götürəndə, Trampı heç başa düşmək də olmur. Bir gün bir söz deyir, o biri gün başqa. Nobel sevdası adamın təfəkkürünü tamam qarışdırıbdır – özünə tərif yağdırır ki, mən filan qədər müharibəni dayandırmışam. Amma dediklərinin çoxu cəfəngiyyatdır. Ən döyüşkən dövlət özünün hərbi doktrinasında yazır ki, onun sənədi müdafiə xarakterlidir. Amma bir görün bu, nə edir? Pentaqonun adını dəyişdirib Müharibə Nazirliyi qoyur! Ümumiyyətlə, fantaziyalarına görə bu adam daha çox Jirinovskiyə bənzəyir. O gün deyir ki, Atlantik okeanının adı dəyişib Amerika okeanı olsa, daha yaxşı olar! Bir sözlə, sözün əsl mənasında şoumendir ki, şoumen – hər şeydə səs-küy, sensasiya və s.
Amma hiss olunur ki, İran məsələsində ilişib. Bizə elə gəlir ki, bu cür rejimləri bitirmək ABŞ üçün maraqlı deyil. Başqa cür necə ola bilər axı? Hərbi büdcə bir trilyonu keçib. Bunu necə əsaslandırmaq lazımdır, ya yox?
“Molla”lar da bunu hiss edirlər. Hərbi əməliyyatlarda azacıq pauza yaranan kimi etirazlar zamanı fəallıq göstərənləri cəzalandırmağa başlayırlar! Belə vəziyyətdə normal adamın yadına Cəfər Pənahini cəzalandırmaq düşərmi? Amma “molla”ların yadına düşür: başqa işləri-gücləri yoxdur axı...
O ki qaldı İsrail seçkilərinin regiona təsirinə, hələ görək, hökumət necə formalaşır, kim formalaşdırır. Diqqət parlamentdə 19 mandatla təmsil olunacaq ərəb partiyalarına yönəlib. Onların, prinsipcə, Netanyahuya qarşı simpatiyaları olmamalıdır. Amma Netanyahu başqa partiyalardan da kimisə öz tərəfinə çəkə bilər – vəzifə verməklə. Bir sözlə, məsələ kimin daha uğurlu kombinasiyalar qurmasından asılı olacaq. Görək, nə olur...
Hüseynbala Səlimov