Xəbər lenti

İtaliya həbsdəki rusiyalı oliqarxların yaxtalarına milyonlarla dollar xərcləyir
Dünya09:18 02.11.2026

İtaliya həbsdəki rusiyalı oliqarxların yaxtalarına milyonlarla dollar xərcləyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İtaliyada sanksiyalar çərçivəsində həbs edilmiş rusiyalı oliqarxlara məxsus lüks yaxtaların saxlanılması dövlət büdcəsinə ciddi yükə çevrilib. Gəmilərin mühafizəsi, ekipajın əməkhaqqı, yanacaq, sığorta və texniki xidmət xərcləri hər il milyonlarla dollar təşkil edir.

Qaynarinfo xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Ən bahalı nümunələrdən biri rusiyalı milyarder Andrey Melnıçenkoya məxsus 142 metr uzunluğundakı “A” adlı yelkənli yaxtadır. Təxminən 600 milyon dollar dəyərində qiymətləndirilən gəmi 2022-ci ilin martında, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsindən sonra tətbiq edilən sanksiyalar zamanı İtaliyanın Triest limanında texniki xidmətdə olub. Həmin vaxtdan etibarən yaxta həbs altındadır.

Triest şəhərinin meri Roberto Dipiaççanın sözlərinə görə, gəminin saxlanılması gündə təxminən 30 min dollara, ildə isə 11 milyon dollara başa gəlir. Bu məbləğə 20 nəfərlik heyətin əməkhaqqı, generatorlar üçün yanacaq, mühafizə və sığorta xərcləri daxildir.

Mer bildirib ki, sanksiyalar ləğv edilərək yaxtanın sahibinə qaytarılması məsələsi gündəmə gəlsə belə, indiyədək çəkilən xərclərin ödənilməsi ciddi problem olaraq qalacaq. Onun fikrincə, sahibinin bütün bu məsrəfləri qarşılamaqdansa, yeni yaxta alması daha ucuz başa gələ bilər.

CNN-in məlumatına görə, İtaliya qanunvericiliyi həbs edilmiş gəmilərin texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını tələb edir. Dövlət onların paslanmasına və ya batmasına yol verə bilməz. 2025-ci ildə Avropa İttifaqı Məhkəməsi də Melnıçenkonun yaxtasının həbsdə saxlanılmasının davam etdirilməsini təsdiqləyib.

Digər böyük xərc mənbəyi isə Toskana bölgəsindəki Marina-di-Karrara limanında saxlanılan 142 metrlik “Şeherazade” yaxtasıdır. Dəyəri təxminən 700 milyon dollar olan gəmi formal olaraq “Rosneft” şirkətinin keçmiş rəhbəri Eduard Xudaynatovla əlaqələndirilir. Bununla belə, mərhum rusiyalı müxalifətçi Aleksey Navalnı yaxtanın faktiki sahibinin Vladimir Putin olduğunu iddia etmişdi. Yerli mətbuatın məlumatına görə, onun saxlanılmasına indiyədək Toskana vergiödəyicilərinin 15 milyon dollardan çox vəsaiti xərclənib.

Bundan başqa, İtaliya rusiyalı milyarderlər Aleksey Mordaşov və Gennadi Timçenkonun adları ilə əlaqələndirilən “Lady M” və “Lena” yaxtalarının saxlanılması xərclərini də qarşılayır.

Nəşr qeyd edir ki, bəzi Avropa ölkələri bu məsələdə fərqli yanaşma nümayiş etdirir. Məsələn, Cəbəllütariq həbs edilmiş “Axioma” yaxtasını hərracda 37,5 milyon dollara satıb. Monteneqro isə müsadirə edilmiş “Luminosity” yaxtasının limanda baxımsız vəziyyətə düşməsinə imkan verib.

Beləliklə, rusiyalı oliqarxların sanksiyaya məruz qalan dəbdəbəli gəmilərinin saxlanılması Avropada dövlət büdcəsi və vergiödəyicilərinin üzərinə əlavə maliyyə yükü qoymaqda davam edir.

Aydın