
İtaliyada hüquq-mühafizə orqanları süni intellekt texnologiyasından istifadə etməklə 20 il əvvəl oğurlanmış rəsm əsərinin izinə düşüblər. XVII əsrə aid əsər kilsədən oğurlandıqdan sonra dəyişdirilərək başqa təsvirlə təqdim edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
İtaliya karabinyerləri oğurlanmış incəsənət nümunələrinin axtarışında “Swoads” adlı süni intellekt sistemindən istifadə edirlər. 2023-cü ilin noyabrından etibarən bu texnologiyanın köməyi ilə ümumi dəyəri 203 milyon avrodan çox olan 300-dən artıq iri rəsm və heykəl, eləcə də 165 mindən çox sikkə, medal və əlyazma aşkar edilərək geri qaytarılıb.
Son hadisə 2024-cü ilin oktyabrında Parmada keçirilən antikvar sərgisində üzə çıxıb. Polis əməkdaşları sərgidə nümayiş olunan əsərləri fotoşəkillərlə qeydə alaraq məlumat bazasına yükləyiblər. Süni intellekt sistemi əlində kağız bükümü tutan gənc qadının təsvir edildiyi rəsmə diqqət yetirib. Araşdırma nəticəsində onun 2004-cü ildə Sulmona şəhərindəki kilsədən oğurlanmış Müqəddəs Roma Aqnesini əks etdirən əsər olduğu müəyyənləşib.
Məlum olub ki, oğurluqdan sonra rəsm əsəri dəyişdirilib: quzu təsviri kağız bükümü ilə əvəzlənib, müqəddəsin başındakı halə və əlindəki palma budağı silinib.
Sistem əsərləri rəng çalarları və siluetlər kimi vizual xüsusiyyətlərə əsasən müqayisə edir. Beləliklə, təsvirin ayrı-ayrı elementləri dəyişdirilsə belə, ilkin əsəri müəyyənləşdirmək mümkün olur.
Bununla belə, süni intellekt oğurlanmış sənət nümunələrinin qaytarılmasını təkbaşına təmin etmir. Nəticə əldə olunması müstəntiqlərin araşdırmasından və hüquq-mühafizə orqanları arasında əməkdaşlıqdan asılıdır. İtaliya 2027-ci ilədək sənət əsərlərinin müəyyənləşdirilməsi üçün beynəlxalq şəbəkə yaratmağı planlaşdırır.
Aydın