Xəbər lenti

Süni intellektə görə işini itirənlər üçün alternativ peşələr
Texnologiya08:15 31.10.2026

Süni intellektə görə işini itirənlər üçün alternativ peşələr

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Süni intellektin tətbiqi nəticəsində iş yerini itirən mütəxəssislərə tamamilə fərqli sahəyə keçməkdənsə, əvvəlki təcrübələrindən yararlana biləcəkləri yaxın istiqamətlərə yönəlmək tövsiyə olunur. Bu sahələrdə insanlarla ünsiyyət, mürəkkəb məsələlərin həlli və nəticəyə görə məsuliyyət daşımaq kimi bacarıqlar ön plana çıxır.

Qaynarinfo xəbər verir ki, bu barədə “Qarda Kapital” investisiya strateqi Aleksandr Baxtin gazeta.ru-ya açıqlamasında danışıb.

Ekspertin sözlərinə görə, süni intellekt səbəbindən işini itirən çağrı mərkəzi operatorları müştərilərlə iş, satış və şikayətlərin həlli sahələrinə keçə bilərlər. Tərcüməçilər mətnlərin lokallaşdırılması və avtomatik tərcümələrin redaktəsi, mühasiblər maliyyə təhlili və vergi məsləhətçiliyi istiqamətində fəaliyyət göstərə bilərlər. Kopirayterlər üçün isə kontent strategiyası, PR və məhsul marketinqi alternativ sahələr hesab olunur.

Baxtin vurğulayıb ki, əvvəlki iş təcrübəsi yeni sahədə avtomatik olaraq iş tapmağa zəmanət vermir. Bunun üçün əlavə bacarıqlar qazanmaq, praktiki layihələrdə iştirak etmək lazımdır. O, xüsusilə iş vəd edən təlim kurslarının reklamlarına ehtiyatla yanaşmağı məsləhət görüb.

Yeni peşə seçərkən vakansiyalara olan rəqabət, iş elanlarının sayı və yeni başlayanlar üçün təklif edilən maaşlar araşdırılmalıdır. Həmçinin işəgötürənlərlə birbaşa danışaraq başqa sahədən gələn namizədləri qəbul edib-etmədiklərini və hansı biliklərə ehtiyac duyulduğunu öyrənmək faydalıdır.

Ekspertin qiymətləndirməsinə görə, satış sahəsinə keçənlər bir neçə ay ərzində əvvəlki gəlirlərinə yaxın qazanc əldə edə bilərlər. Kopiraytinqdən marketinq strategiyası kimi daha mürəkkəb vəzifələrə keçid isə bir il və ya daha çox vaxt tələb edə bilər.

Baxtin işdən çıxarılanlara ilk həftələrdə qanunla nəzərdə tutulan ödənişləri yoxlamağı, maliyyə ehtiyatlarını yenidən hesablamağı və zəruri olmayan xərcləri azaltmağı da tövsiyə edib. Yığımı az olan şəxslər üçün müvəqqəti və ya yaxın sahədə iş tapmaq, təhsili isə gəlir əldə etməklə paralel davam etdirmək daha məqsədəuyğun ola bilər.

Ekspert məhdud büdcəsi olan şəxslərə bahalı kurslara böyük məbləğ xərcləmək əvəzinə, pulsuz tədris materiallarından yararlanmağı, CV-ni yeniləməyi və uyğun şirkətlərə birbaşa müraciət etməyi məsləhət görüb.

Aydın