Xəbər lenti

"Bibi Heybət"in imamı apellyasiyada da uduzdu - Diplom tələbi rədd edildi
Ölkə14:13 30.10.2026

"Bibi Heybət"in imamı apellyasiyada da uduzdu - Diplom tələbi rədd edildi

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Apellyasiya Məhkəməsi “Bibi Heybət” məscid-ziyarətgah kompleksinin imamının dövlət nümunəli diplom blankının verilməsi ilə bağlı şikayətini təmin etməyib.

Qaynarinfo xəbər verir ki, iddiaçı 1992-1997-ci illərdə Bakı İslam Universitetində “axund-imam, ilahiyyatçı, islamşünas, tərcüməçi və şəriət müəllimi” ixtisası üzrə təhsil alıb. 1998-ci ildə ona universitet tərəfindən diplom verilsə də, sənəd dövlət nümunəli blankda olmayıb.

Hazırda Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü olan iddiaçı “Bibi Heybət” məscid-ziyarətgah kompleksinin rəhbəri və imamıdır.

O, Elm və Təhsil Nazirliyindən dövlət nümunəli diplom blankının universitetə göndərilməsini tələb edib. İddiaçı universitetin 1997-ci ildə dövlət qeydiyyatına alındığını, 2009-cu ildə isə lisenziya əldə etdiyini əsas gətirərək təhsil aldığı dövrdə fəaliyyətinin qanuni olduğunu bildirib. Həmçinin eyni universitetin başqa bir məzunu ilə bağlı 2018-ci ildə qəbul edilmiş məhkəmə qərarına istinad edib.

Nazirlik isə universitetə tələbə qəbulunun, tədris proqramlarının və digər fəaliyyət istiqamətlərinin qanunvericiliyin tələblərinə uyğun olmadığını, müəssisənin uzun müddət lisenziyasız fəaliyyət göstərdiyini və akkreditasiyadan keçmədiyini bildirib.

Bakı İnzibati Məhkəməsi iddianı təmin etməyib. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsi də onun tələbini rədd edib.

Məhkəmə bildirib ki, iddiaçının universitetdə təhsil alması və diplom əldə etməsi dövlət nümunəli diplom blankı tələb etmək hüququnun avtomatik yaranması demək deyil. Universitetin dövlət qeydiyyatına alınması və 2009-cu ildə lisenziya əldə etməsi də 1992-1997-ci illərdəki təhsilə görə belə bir hüququn mövcudluğunu təsdiqləmir.

Məhkəmə iddiaçının istinad etdiyi 2018-ci il tarixli qərarın da hazırkı işə tətbiq edilə bilməyəcəyini qeyd edib. Çünki həmin məzun universiteti 2011-ci ildə bitirib və onun hüquqi vəziyyəti fərqlidir.

Nəticədə apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Qərardan bir ay ərzində Ali Məhkəməyə kassasiya şikayəti verilə bilər.

Qeyd edək ki, Qaynarinfo 22 iyul 2026-cı ildə birinci instansiya məhkəməsinin qərarı ilə bağlı “Bibi Heybət”in imamının diplomu tanınmadı” başlıqlı yazı dərc etmişdi.

Aydın